Xaricdə təhsil almağa gedənlər hansı ixtisasa üstünlük verirlər? RƏY-ÖZƏL

“Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır”. Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar: “Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ərazilərin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri - qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə - iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər”.

Ekspert söyləyib ki, ikinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir: “Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün onlar xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan, və digər Avropa ölkələrinin univerisutetlərinə üz tuturlar və seçdikləri ixtisaslar tibb, kompüter və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur”.

K.Əsədov vurğulayıb ki, ölkədə ehtiyac duyulan ixtisaslar üzrə doktoranturaya tələbə göndərilməsi çox vacibdir: "Dövlət Proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi vacib məsələdir. Xaricdə təhsil Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülməlidir. Xaricdə Təhsil proqramı ilə gəncləri daha çox tibb, baytarlıq, kənd təsərrüfatı, mühəndislik, yüksək texnologiyalar, qədim dillər, maliyyə, nəqliyyat kimi vacib ixtisasları əhatə etməlidir. Çünki bu sahədə ölkəmizdə ali təhsil müəssisələrinin hazırladıqları kadrlar əmək bazarının tələblərinə və müasir standartlara cavab vermir".

Ekspert qeyd edib ki, dünya reytinqində ilk 500-də yer alan nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi olduqca müsbət bir haldır: “Bu daha keyfiyətli, yüksək bilik və bacarıqlara yiyələnmiş kadrların ölkəmizə qayıtmasına gətirib çıxaracaq. Təklif edirəm ki, maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçiriləcək şəxslərin müqavilələrinə əlavə edilməlidir ki, onlar təhsillərini başa vurduqdan sonra mütləq ölkəmizə qayıdıb işləməlidirlər. Yalnız doktorantura pilləsinin maliyələşdirilməsi isə çox müsbət bir seçimdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...