Xüsusi qabiliyyət tələb edən imtahanlarla bağlı yenilik nəyi dəyişəcək? EKSPERT RƏYİ-ÖZƏL

“Dövlət İmtahan Mərkəzinin xüsusi qabiliyyət tələb edən “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanının məzmunu ilə bağlı yeni qərarı mütərəqqidir. Əvvəllər abituriyentlər 3 fəndən (rəngkarlıq, kompozisoua, rəsm xətt) qabiliyyət imtahanı verirdilərsə, artıq bundan sonra “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər”. Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Yeni qərara əsasən qaydaların kifayət qədər sadələşdirildiyini deyən ekspert söyləyib ki, əvvəllər qabiliyyət imtahanının yekun nəticəsi 10 ballıq şkala ilə qiymətləndirilirdisə, hazırki yeniliyə görə, “məqbul”la qiymətləndirilir.
K. Əsədovun sözlərinə görə, abituriyentlərin yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı vermələri ona görə yaxşıdır ki, onlar orta məktəbdə ancaq bu istiqamət üzrə bilik və bacarıqlara yiyələnirlər: “Ümumiyyətlə, qabiliyyət imtahanlarındakı tələblər orta məktəb proqramından və normativlərindən kənara çıxmamalıdır. Xüsusi ilə, həqiqətən qabiliyyət imtahanındakı şərtlərin, tələb və normativlərin orta məktəblərdə tədrisinin vəziyyətini qaldırmaq lazımdır.
Misal üçün, gələn il “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər Rəsm və Kompozisiya fənləri üzrə qabiliyyət imtahanı verəcəklər və Rəsm fənni üzrə qabiliyyət imtahanında abituriyent gipsdən olan antik baş çəkiləcək. Monitorinq apardım, sorğuda iştirak edən məktəblərin şagirdləri gipsdən olan antik başla orta məktəbdə tanış olmayıblar. Bunun üçün xüsusi hazırlıq lazımdır”.

Ekspert qeyd edib ki, Bədən tərbiyəsi üzrə qabiliyyət imtahanlarının da normativləri 16-17 yaş üçün deyil: “Normativlərin təsnifatında tələblər yaş kateqoriyasına görə xüsusi olsa da, DİM tərəfindən keçirilən bədən tərbiyəsi ixtisası üzrə qabiliyyət imtahanlarında tələblər ümumidir. Ona görə də xüsusi qabiliyyət tələb edən imtahanları daha da sadələşdirməliyik”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Texnologiya Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin yalnız bir qabiliyyət imtanı verdiyini deyən K. Əsədov düşünür ki, bir imtahan ilə abituriyentlərin, 16-17 yaşlı uşaqların imkanlarını məhdudlaşdırmaq olmaz: “Bu qədər universitet üçün bir imtahan azdır. Rəsm fənni üzrə qabiliyyət imtahanı ödənişli əsaslarla bir neçə dəfə olmalıdır ki, abituriyentlərin şansı artsın”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...