Azərbaycan Müəllimlərinin XV Qurultayı keçirilib YENİLƏNİB

Bu gün Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. SİA-nın xəbərinə görə, XV qurultayda Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan MR-nın təhsil naziri Rəhman Məmmədov, millət vəkilləri, media kapitanları, təhsil ekspertləri və digərləri iştirak edib.

Qurultay iştirakçıları öncə Fəxri xiyabana gedərək Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin 14-cü qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.

Qurultay Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayıb.

Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Daha sonra təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb. Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarının bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib.

Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzunun daha da artdığını deyən Ceyhun Bayramov ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alındığını diqqətə çatdırıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib.

Nazir bildirib ki, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü il ilə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.

Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikildiyini və ya əsaslı təmir edildiyini qeyd edən nazir bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını vurğulayıb.

Qurultayda çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində son 15 ildə mühüm addımlar atılır: “Müəllimlərin sosial həyat səviyyəsinin, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır: "İnanıram ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşması istiqamətində atılan ən cəsarətli addımdır. Əsası qoyulan bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq. Azərbaycan cəmiyyəti bu islahatların faydalarını görməkdədir. Gələcəkdə təhsil sahəsində qarşıda duran vəzifələr barədə fikir mübadiləsinin aparılması, təhsilin inkişafının yeni mərhələsində müasir çağırışlara daha yaxşı cavab verməsi üçün əhəmiyyətlidir".

Ə.Əhmədov deyib ki, zənginliyə və yüksək inkişafa çatmış hər bir ölkə bunun üçün təhsilə, elmə borcludur: "Təhsilin milli sərvətə çevrilməsi növbəti illərdə qarşıya qoyduğumuz əsas vəzifələrdəndir. Digər vəzifə isə təhsilin rəqabət qabiliyyətinin artırılmasıdır. Ölkələr arasında gedən rəqabət mübarizəsində təhsilə, yeni texnologiyaların inkişafına önəm verən, böyük sərmayələr yatıran ölkələr qalib çıxacaq. Təhsil Azərbaycan cəmiyyətinin dünyada rəqabət qabiliyyətinin artırılmasına xidmət göstərə biləcək ən fundamental amillərdəndir. Azərbaycan təhsilinin insanların biliklərinin, həyat səviyyəsinin, məşğulluğun yüksəlməsinə xidmət etməsi qarşımızda duran digər vəzifələrdəndir. Yüksək təhsilli biliklərə malik olan insanlar lazım olan təhsil səviyyəsinə malik olmayan işçilərdən 3 dəfə çox əmək haqqı alırlar. Bu da təbiidir. İnsanların məşğulluğunun təmin edilməsində, onların təhsilli olması böyük əhəmiyyət kəsb edir".

Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycanda elə bir insan yoxdur ki, təhsil sahəsi ilə bağlı olmasın və bu sahədə yeridilən siyasət, əldə edilən nəticə və üzləşdiyimiz problemlər onun həyatına təsir etməsin: "Ötən 5 ildə təhsil sisteminin inkişafı ilə bağlı çox işlər görülüb. Azərbaycan maliyyə imkanlarını hərbidən sonra təhsilə qoyulub. Bu sahəyə qoyulan kapital insan kapitalına, gələcəyimizin yüksək standartlar sahəsində inkişafına və yeni kadrların yetişdirilməsinə qoyulan investisiyalardır. Bu sahəyə qoyulan investisiya artıq özünü doğrultmaqdadır".

Onun sözlərinə görə, müəllim peşəsinin çətinliklərinin gələcəkdə də nəzərə alınması mütləqdir: "Azərbaycan dövlətinin bütün sahələrində müasirləşməsi məsələsi qarşımıza qoyulan əsas məqsədlərdəndir. Bunun ağırlıq yükü müəllimlərin çiyinlərindədir. Təhsil heç bir halda dövlətin və təhsil verənin üzərində ola bilməz. Valideynlərin övladları ilə birlikdə təhsil alması məsələsinə ciddi diqqət yetirməliyik. Biz təhsil infrastrukturun yaradılmasından danışırıqsa, burada ailə vacibdir".

Tədbirin davamında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, gənc müəllim Nigar Əliyeva XV qurultayın təhsil sisteminin inkişafına mühüm təsir edəcəyinə əminliklərini bildirib, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllim nüfuzunun daha da artırılması ilə bağlı təkliflərini irəli sürüblər. Çıxışlarda vurğulanıb ki, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır.

Qurultay öz işini panel müzakirələrlə davam etdirib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə