ADA Universiteti beynəlxalq mükafata layiq görülüb

ADA Universiteti akademik xidmətlərinin elektronlaşmasında beynəlxalq mükafata layiq görülüb. Universitetdən SİA-ya bildirilib ki, mükafatlandırma mərasimi ali təhsil müəssisələrinin idarəetməsində informasiya texnologiyaları və elektron xidmətlər sahəsində aparıcı beynəlxalq şirkət olan “Ellucian”ın Dubayda dünyanın 500-ə yaxın universitetinin nümayəndəsinin iştirak etdiyi illik konfransında keçirilib. Azərbaycanın ali təhsil müəssisəsi “İnnovasiya” mükafatını “Tələbələrə xidmət” nominasiyasında alıb. Beynəlxalq mükafat ADA Universitetinin xidmətlərinin elektronlaşmasında “MyADA” sisteminin tətbiqi layihəsinin rəhbəri Rövşanə Səmədovaya təqdim edilib.

ADA Universiteti qəbul etdiyi onillik strateji planına uyğun bütün xidmətlərinin elektronalşmasını aparır. İlkin mərhələdə akademik xidmətlərə üstünlük verilərək 2016-2017-ci tədris ilində dünyanın aparıcı 1400 universitetinin istifadə etdiyi “Banner”, tələbə məlumatı sistemi əsasında “MyADA” sistemi işlənilib tələbələrin istifadəsinə verilib. Daha sonra “Blackboard” tədrisin idarəedilməsi sistemi tətbiq olunaraq tələbə-müəllim təmasları daha da genişləndirilib. Hazırda ADA Universitetinin tələbələri ali təhsil ocağına sənədvermə mərhələsindən tutmuş məzun olana qədər öz akademik statusları, dərsləri, hesabları, universitetin bütün xidmətlərinə dair məlumatı şəffaf və ani şəkildə əldə edirlər. Bu, onların vaxtlarının və resurslarının daha səmərəli istifadəsi və daha uğurlu olması ilə nəticələnir. İnnovativ sistemlərin tətbiqi, eyni zamanda, ADA Universitetinə öz struktur və əməliyyatlarını təhlil edib sadələşdirməyə və müasir beynəlxalq təhsil standartlarına uyğunlaşdırmağa imkan yaradır.

ADA Universitetinin rektoru Hafiz Paşayev mükafatı şərh edərkən bildirib: “Ölkə rəhbərliyinin prioritet istiqamət kimi elan etdiyi dövlət xidmətlərinin elektronlaşmasına uyğun şəkildə, ali təhsil ocağımızda son iki ildə kommunikasiya sahəsində yeniliklər həyata keçirilir. Digər sahələrdə olduğu kimi, təhsil sahəsində də açıq idarəçilik və informasiya əldəetmə azadlığının təmin olunması tələbələrin akademik nailiyyətlərinə müsbət təsir göstərir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...