"3558 gənc xarici ali məktəblərdə təhsil alıb"

"2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3558 Azərbaycan gənci nüfuzlu xarici ali məktəblərdə bütün ali təhsil səviyyələr üzrə təhsil alıblar". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, onların əksəriyyəti təhsillərini başa çatdıraraq ölkəyə qayıdıblar və müxtəlif sahələrdə çalışırlar: " Həmin məzunların 60 faizi özəl , 40 faizi dövlət sektorunda çalışır: "Sevindirici haldır ki, həmin gənclər bu gün həm də ali məktəblərdə dərs deyirlər. Bu gün dövlət proqramı çərçivəsində təhsil alan yüzlərlə Azərbaycan gənci öz akademik fəaliyyətləri ilə ali təhsilə töhfə verirlər. Bir sıra ali təhsil müəssisələri bu istiqamətdə fəallıq göstərir. ADA, BDU, UNEC, Bakı Ali Neft Məktəbində dövlət proqramlarının məzunları fəaliyyət göstərirlər".

Azərbaycanda yeni nəsil ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyini deyən C. Bayramov söyləyib ki, yeni innovativ layihələr təhsil sistemində fəaliyyətə başlayıb: "SABAH layihəsi kadr hazırlığı baxımından önəmli layihədir. Dünyanın qabaqcıl universitetlərində istifadə edilən təcrübələr bu layihədə öz əksini tapıb".

Gənclərin süni intellekt sahəsində təhsil almasına toxunan təhsil naziri deyib ki, süni intellekt çox aktual mövzudur və bu baxımdan biz şad olardıq ki, bizim gənclərimiz həmin sahə üzrə doktorantura səviyyəsində təhsil almaq üçün müraciət etsinlər: "Dövlət yalnız maliyyələşdirmə həyata keçiriir, seçim gənclərimizdən asılıdır".

C.Bayramov qeyd edib ki, xaricdə təhsillə bağlı Dövlət Proqramı çərçivəsində təhsil alan məzunlardan 20 nəfəri Təhsil Nazirliyində fəaliyyət göstərir: "Dövlət Proqramlarının məzunları ilə bağlı nazirlik dövlət qurumlarını məlumatlandırır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə