Müəllimlərin müsahibəsinə başlanılıb

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb. SİA-nın xəbərinə görə, müsahibədə ərizəsi təsdiq edilmiş 763 müəllim iştirak edir. Müsahibələr 26-27 aprel 2018-ci il tarixlərində təşkil olunacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə ümumilikdə 2282 nəfər müəllim qeydiyyatdan keçmişdi.

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər üçün müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilir. Müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edir.

Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə