Peşə müəllimlərinin maaşının artması bu sahədə nəyi dəyişəcək? EKSPERT RƏYİ

Ötən gün xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Sərəncamdan sonra peşə təhsilinin inkişafında və bu sahəyə olan marağın artırılmasında hansı dəyişikliklər olacaq?

“İnsanların həyat və fəaliyyətlərində ilk peşə təhsilinin olduqca böyük rolu var”

Məsələ ilə bağlı SİA-ya açıqlama verən təhsil üzrə ekspert Əjdər Ağayev bildirib ki, qəbul edilən istənilən qərar təsadüfdən deyil, zərurətdən meydana gəlir.

Dövlət başçısı tərəfindən imzalanan sərəncamın bu sahənin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini deyən ekspert söyləyib ki, insanların həyat və fəaliyyətlərində ilk peşə təhsilinin olduqca böyük rolu var: “Söhbət burada ilk texniki peşə təhsilindən gedir. Çünki sonrakı yüksək peşə təhsilinin yeri və mövqeyi bəllidir. İlk peşə təhsilini mühüm edən amil fəaliyyət sahələrində bacarıqlı insanların seçilərək kadr kimi ortaya atılması və ilkin, əsas işlərin onlar tərəfindən görülməsidir. Bu da çox mühümdür. Ali təhsil məktəbində mühəndisliyi bitirən şəxs təbii ki gəlib çilingər işləməyəcək. Onun iddiası rəhbərlik etməkdir. Belə olan halda, çilingərliyi, operatorluğu, bənnalığı və digər peşələri kim etməlidir? Təbii ki bunları edənlər texniki peşə təhsilinin kadrlarıdır”.

Peşə təhsilinə maraq niyə azdır?

Azərbaycanda sovet dövründən indiyədək peşə təhsilinin zəif qurulduğunu deyən Ə. Ağayev deyib ki, burada günahkar təşkilatçılar deyil, insanlardır: “Nədənsə bizdə hər zaman peşə təhsilinə maraq olduqca zəif olub. Hamı övladının ali təhsil almasına çalışır. Buna görə də peşə təhsilinə maraq az olub. Peşəyə yiyələnən insanları “qızıl barmaqlı mütəxəssislər” adlandırırlar. Çünki, onlar faydalı iş görürlər. Bu gün Azərbaycanın sosial-iqtisadi, sənaye, qeyri-neft sektorunun inkişafı nəticəsində çox böyük tədbirlər həyata keçirilir, mühüm addımlar atılır. Azərbaycan Prezidenti bütün bu sahələri diqqətdə saxlamaqla, onların hər birinə maliyyə vəsaitləri ayırır və ya bu sahələrin daha da inkişafına təkan verən sənədlər imzalayır”.

“Prezidentin son sərəncamı bu sahəyə marağı daha da artıracaq”

Ekspertin sözlərinə görə, bu gün ölkəmizdə qızıl əllərə malik olan şəxslərin sayı çox azdır: “Azərbaycan Prezidenti sərəncamlarında peşə təhsili müəssisələrinin təkmilləşdirilməsi, mərkəzləşdirilməsi, peşəkar kadrların hazırlanması məsələlərini dəfələrlə qeyd edib. Amma Ölkə başçısının əmək haqlarının artırılması ilə bağlı sərəncamı həm peşə məktəbində işləyənlərin, həm də orada təhsil alacaq şagirdlərinin bu sahəyə marağı daha da artıracaq. Bilirsiniz ki maddi maraq istənilən fəaliyyətdə stimul xarakteri daşıyır və insanları fəallaşdırır. Bu baxımdan ölkə başçısının sərəncamını faydalı hesab edir, yaxın illərdə bu sahədə keyfiyyətli kadrların hazırlanmasında uğurlarını görəcəyik”.

Valideynləri peşə təhsilinə necə cəlb edək?

Ə. Ağayev qeyd edib ki, valideynlərin peşə təhsilinə marağının az olmasının bir neçə səbəbi var: “ Birinci səbəb genetik imkanla bağlıdır. Biz şöhrətpərəst, bəhskeş, hər şeyə tez və yuxarıdan nail olmağa çalışırıq. Təbii ki bura hamı daxil olmasa da, əksəriyyət daxildir. Əgər qonşunun uşağı ali məktəbə daxil olubsa, digər qonşu da uşağının ali məktəbdə təhsil almasına çalışır. Amma düşünmür ki, uşağı hansısa peşə sahəsində bacarıqlıdır və burada daha çox nailiyyət qazana bilər. Bu, eqoizmin bir növüdür. Digər ölkələrə nəzər saldıqda görürük ki, hətta məmuru uşağı hər hansı peşəyə maraqlıdısa, o, orta məktəbdən sonra peşə təhsili alır. Çünki, onlar anlayır ki, peşə sahibi olmaq insana hansısa çətinliklərdə yol açma sahəsidir. Peşə qazanan insanlar çətinliyə düşəndə özlərini xilas edə bilirlər. Peşə sahəsində çalışmaqla ali təhsil almaq da mümkündür. Bu baxımdan düşünürəm ki, valideynlər təhsili uşaqlarının bacarıq və qabiliyyətinə görə seçməlidir. Təbii ki, hamı peşə məktəbində oxuya bilməz. Amma istedadlı və qabiliyyətli uşaqları kənarda saxlamaq olmaz. Hesab edirəm ki, valideynlərlə maarifləndirmə işi gücləndirilməli, onlarla ciddi söhbətlər aparılmalı, qabiliyyəti, peşəsi ilə seçilən şəxslər nümunə gətirilərək, onlara peşə təhsilinin nə dərəcədə maraqlı olduğunu göstərmək lazımdır. Amma bütün hallarda gənclərimiz səviyyəli vətəndaş kimi böyüməli, həyatı düzgün dərk etməyi, mübariz, dözümlü olmağı bacarmalıdırlar. Çünki, bu cür gənclərə gələcək həyatlarını təmin etmək daha asan olur”.

Qeyd edək ki, Azərbaycan prezidentinin sərəncamı 2018-ci il yanvarın 1-dən tətbiq edilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...