Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. BDU-dən SİA-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək universitetin əlaqələrindən, o cümlədən Koreyanın bir sıra ali təhsil ocaqları ilə uğurlu əməkdaşlıqdan bəhs edib.

Rektor universitetin Şərqşünaslıq fakültəsində koreya dili və ədəbiyyatı fənlərinin tədris edildiyini, onlarla mütəxəssis hazırlandığını, ötən müddət ərzində bir çox layihələrin reallaşdırıldığını bildirib. Mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini vurğulayan rektor Abel Məhərrəmov səfirə elm, təhsil və mədəniyyət istiqamətində göstərdiyi dəstəyə görə təşəkkür edib.

Səfir Kim Çanq-Qyun, öz növbəsində, bu qocaman ali təhsil ocağında xoş qarşılanmaya görə təşəkkür edərək elm-təhsil sahəsində layihələrin zəruriliyini qeyd edib,Bakı Dövlət Universitetində Koreyanın “Sei Jong” məktəbinin yaradılması, koreya dilinin tədrisinin daha da genişləndirilməsi təklifini irəli sürüb.

Görüşdə BDU-nun nəzdində adıçəkilən məktəbin yaradılması, universitetlərarası müəllim-tələbə mübadiləsinin genişləndirilməsi kimi məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə