Rektor: "Ölkəmizdə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb"

Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi ilə gənclər arasında təşkil olunan silsilə görüşlərin əsas məqsədi hər bir gənci vətənpərvərliyə, ədalətə istiqamətləndirməkdir. Hər bir insanın fərdi keyfiyyətlərinin nəzərə alınması vacibdir, yaşlı nəsil gənclərə düzgün istiqamət göstərərsə, onlar cəmiyyətdə doğrunu seçməyi bacararlar.

Bunu dekabrın 21-də BSU-da IV kurs tələbələri ilə keçirilən görüşdə universitetin rektoru, professor Nurlana Əliyeva söyləyib. BSU-dan SİA-ya bildirilib ki, rektor tələbələrə ali təhsillərini bitirdikdən sonra sevdikləri peşəni layiqincə icra etməyi, Vətənimizin, xalqımızın xeyrinə addımlar atmağı, təmsil etdikləri universitetin adını daim uca tutmağı tövsiyə edib.

N.Əliyeva bir neçə ay sonra müstəqil həyata qədəm qoyacaq tələbələrə hər zaman düzgünlüyün, humanizmin tərəfdarı kimi Azərbaycan mentalitetinin və milli dəyərlərinin qədrini bilməyin, gələcək nəslə örnək olmağın əhəmiyyətini vurğulayıb. Azərbaycan xalqının mənəvi zənginliklərindən, dövlətin gənclər siyasətindən danışan N.Əliyeva bir çox dövlət tədbirlərində, mühüm layihələrdə gənc nəslin iştirakını xüsusi vurğulayıb. Rektor deyib: “Bu gün müxtəlif sahələrdə gənclərin fəallığı göz qabağındadır. Səhiyyə, təhsil, idman və digər istiqamətlərdə bacarıqlarını uğurla nümayiş etdirən, bayrağımızı mötəbər tədbirlərdə dalğalandıran gənclərimiz bir daha sübut edir ki, Azərbaycanda Ulu Öndərin zamanından bu günə qədər həmişə onlar üçün şərait yaradılıb. Prezident İlham Əliyev gənclərin inkişafı üçün mühüm sərəncamlar imzalayıb”.

Tələbələrin bir neçə ay sonra pedaqoji təcrübəyə yollanacağını deyən Nurlana Əliyeva onlara BSU-nun adını uca tutmağı tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə