Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib YENİLƏNİB

Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək ruhuna hörmət və ehtiramlarını bildiriblər. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransda 2016-2017-ci tədris ili ərzində BŞTİ-nin əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan Məhəbbət Vəliyeva ötən dərs ilinin paytaxtın təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını bildirib. Əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparan idarə müdiri ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görünmüş işlərə diqqət çəkib, perspektiv məsələlərdən bəhs edib. M.Vəliyeva çıxışında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2017-2018-ci tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib. Tədbirdə paytaxt məktəblilərinin ifası dinlənilib. Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. "Bilik Günü" münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran nazir bir sıra digər həlli vacib məsələlərə, yeni dərs ilində qarşısında duran əsas hədəflərə toxunub. Təhsil naziri çıxışı zamanı "Ümumi təhsildə keyfiyyət ili" elan edilmiş növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğulayıb. Daha sonra konfrans mətbuata qapalı şəkildə davam edib.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə