İqtisadçı: "Maaş artımı bahalaşmaya səbəb olmayacaq" ŞƏRH - ÖZƏL

“Vergi və gömrük sahələrində həyata keçirilən islahatlar nəticəsində büdcəyə daxil olan vəsaitlərin artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan yaradır. Cari ilin əvvəlindən etibarən, sosial istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi, Azərbaycan prezidenti tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm sərəncamların imzalanması buna əyani sübutdur”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.

O bildirib ki, Azərbaycanda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar, dövlət başçısının özünün də müşavirələrdə və müxtəlif çıxışlarında da vurğuladığı kimi, “sosial zərf” qismində xarakterizə edilir: “Əslində, bu artımların əsası ötən ilin ikinci yarısında qoyulmuşdu və hökumət dövlət başçısının tapşırığı ilə hazırlıq işlərinə başlamışdı, müvafiq mexanizm qurulurdu. Yəni indi şahidi olduğumuz maaş artımları həm 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuşdu, həm də vergi-gömrük sahəsində aparılan islahatlarla əlaqədar dövriyyəyə əlavə vəsaitlərin daxil olması hesabına həyata keçiriləcək”.

İqtisadçı xatırladıb ki, dövlət büdcəsinə daxil olacaq vəsaitlərin ümumi həcminin 3 milyard manata çatdırılması proqnozlaşdırılır: “Vergilər Nazirliyinin rəsmən açıqladığı rəqəmə əsasən, dövlət büdcəsinə topdansatış ticarət şəbəkələrindən və özəl klinikalardan milyonlarla manat həcmində əlavə vəsait daxil olub. Prezident İlham Əliyev də sosial sahədə tədbirlərin həyata keçirilməsində həmin vəsaitin əlavə stimul yaratdığını qeyd edib. Bu isə o deməkdir ki, əgər “kölgə iqtisadiyyatı”na qarşı görülən tədbirlər effektli nəticə verməkdə davam edərsə, qeyri-leqal dövriyyə də uğurla aşkarlanarsa, maaş artımlarının bundan sonra da davamlı olacağını görəcəyik”.

P. Heydərov qeyd edib ki, maaş artımı inflyasiyanın yüksəlməsinə və qiymətlərin bahalaşmasına yol açması üçün zəmin deyil: “Hazırda ölkədə mövcud olan makroiqtisadi göstəricilər sabit vəziyyətdədir. Bunun bir səbəbi hökumətin 2017-ci ildən etibarən valyuta bazarında və makroiqtisadi göztəricilərdə tənəzzülün qarşısını alması, bəzi sahələrdə artımlara nail olmasıdır. Digər tərəfdən isə dünya bazarında neftin qiymətinin Azərbaycan üçün əlverişli səviyyədə olması da neqativ proseslərin təsirini neytrallaşdırmağa imkan verir. Bütün bunlar isə ölkədə inflyasiyanın artmasının və qiymətlərin bahalaşmasının qarşısını almaq üçün yetərlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...