“Xəzər Neft və Qaz” sərgisi keçiriləcək

29 may -1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı Regionun Energetika sektoru üzrə ən irimiqyaslı tədbiri - 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi keçiriləcək. SİA xəbər verir ki, tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir.

Tədbirin sponsor heyəti də sərginin yüksək statusunu əks etdirir. Regionun əsas neft-qaz tədbirinin Baş tərəfdaşı qismində “SOCAR» şirkəti çıxış edir. Sərginin qızıl sponsoru “BP” şirkətidir. Gümüş sponsor - TPAO, bürünc sponsorlar: “Azeri MI Drilling Fluids”, “AZFEN”, “Baku Steel Company”, “Bos Shelf”, “Caspian Drilling Company”, “Сaspian Marine Services”, “RussNeft”, “Socar Polymer”, “Tekfen Construction” və “Royal IHC”. Sərginin baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.
Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxildir. Bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 290 şirkət iştirak edir və bu ölkələr arasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər ölkələr. Almaniya, Belarus Respublikası və Rusiyanın qabaqcıl şirkətləri milli stendlərdə ən son məhsullarını təqdim edəcəklər. İştirakçı şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edəcəklər. Ilk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırılacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə