"Azərbaycan qlobal proseslərə töhfə verən ölkədir" ŞƏRH - ÖZƏL

“OPEC, eləcə də OPEC-ə üzv olmayan ölkələrin Bakıda toplanması Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycan OPEC-ə üzv olmayan ölkə olmasına baxmayaraq, OPEC+ ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasının ölkəmizdə keçirilməsi ölkəmizə neft ölkəsi olaraq verilən diqqətdir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

İqtisadçı xatırladıb ki, belə bir təşəbbüsün və koordinasiyanın yaradılması 2016-cı ildə Davos İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif olunub: “Azərbaycan prezidenti o zaman OPEC və OPEC+ ölkələrinin öz siyasətlərini birgə koordinasiya etməsi nəticəsində qiymət stabilliyinin əldə edilməsinin vacibliyini qeyd etmişdi. Ötən müddət göstərdi ki, OPEC və OPEC-ə üzv olmayan ölkələrin koordinasiyası qiymət stabilliyinin formalaşması baxımından vacib faktorlardan biridir. Bu da 2017-ci ildən sonra qiymətin neft ölkələri üçün məqbul formalaşmasına gətirib çıxarıb”.

V. Bayramov söyləyib ki, Azərbaycanda keçirilən toplantı OPEC-in prioritetlərinin baxılması, eyni zamanda hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi istiqamətində müzakirələrin aparılması aspektindən vacibdir: “Bu tədbirə ölkələr bəlli prioritetlərlə gəliblər. Mövcud bazarda qiymət stabilliyinin qorunub saxlanması OPEC üçün hədəfdir”.

Ekspert vurğulayıb ki, 2019-ci ilin ilk iki ayında qlobal neft bazarında qiymətin neft ölkələri üçün məqbul səviyyədə stabilləşməsi müşahidə olunur: “Azərbaycan üçün bu, vacib məqamlardan biridir. Hazırda “Brent” markalı neftin dünya bazarında qiyməti 67 dollar ətrafında dəyişir ki, bu da ölkəmiz üçün məqbul sayılır. Hazırda məqsəd stabilliyin qorunub saxlanmasına nail olmaqdır. OPEC+ ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası da buna öz töhfəsini vermiş olacaq”.

Azərbaycanın prosesə töhfə verən ölkə olduğunu qeyd edən V.Bayramov vurğulayıb ki, ölkəmiz hasilatın azaldılması ilə bağlı öhdəliyə əməl edir: “Dekabr görüşündən sonra Azərbaycan hasilatın gündəlik olaraq 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb və buna əməl edir. Son toplantı da göstərir ki, Azərbaycan qlobal proseslərə töhfə verən ölkədir və bu, Azərbaycanın müzakirələrdə fəal iştirakı ilə müşahidə olunur. Ümumilikdə götürdükdə, toplantı həm Azərbaycan, həm OPEC-ə üzv olan, həm də OPEC-ə üzv olmayan ölkələr üçün vacib hesab edilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə