Azərbaycanla Belarus arasında əmtəə dövriyyəsi 3,3 dəfə artıb

2018-ci ilin yanvar-sentyabr ayıarında Azərbaycan ilə Belarus arasında əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə artıb və 331,5 milyon dollara bərabər olub. SİA xəbər verir ki, Belarusun Baş nazirinin müavini bu sözləri Mixail Rusıy Belarus-Azərbaycan ticari-iqtisadi əməkdaşlığına dair Hökumətlərarası Komissiyanın Minskdə keçirilmiş iclasında söyləyib.

M.Rusıy Azərbaycan ilə ticari-iqtisadi əməkdaşlığın dinamikasından məmnun olduğunu bildirərək deyib: “Qarşılıqlı əmtəə dövriyyəsinin artması meylinin uzunmüddətli və sabit xarakter daşıması üçün indi yeni müştərək layihələr üzərində fəal işləmək lazımdır. Biz sənaye və kənd təsərrüfatında kooperasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə, Gəncə avtomobil zavodunda traktorların, taxıl kombaynlarının, MAZ texnikasının yığılması və digər sənaye məhsullarının buraxılması üzrə işə böyük əhəmiyyət veririk. Biz kənd təsərrüfatı maşınqayırma sənayesi yaratmışıq”.

M.Rusıy Belarus ilə Azərbaycan arasında nəqliyyat və logistika, neft-kimya və əczaçılıq sahələrində əməkdaşlığın perspektivi olduğunu söyləyib. Baş nazirin müavini deyib: “Biz Azərbaycanda şiş əleyhinə preparatlar istehsal edən müasir müəssisə yaradılması üzrə yeni addımlar atmağa hazırıq. Bu, həm iqtisadi, həm də sosial layihədir. Hesab edirəm ki, tərəflər həmin müəssisədə artıq gələn il məhsul alınması üçün operativ qaydada müzakirələr aparacaqlar”.

Belarus hökumətinin ərzaq məhsullarının qarşılıqlı satışının artımına da fəal kömək etmək niyyətində olduğunu bildirən Mixail Rusıy deyib: “Azərbaycanlı istehlakçılar Belarusdan göndərilən süd, ət və qənnadı məmulatları ilə yaxşı tanışdırlar. Keçən il Minskdə Azərbaycan Ticarət Evinin açılmasını və dostlarımızın digər analoji təşəbbüslərini alqışlayırıq, Belarus hökuməti bu tədbirlərə maksimum kömək göstərəcək”.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasında iqtisadi əməkdaşlığı möhkəmləndirməyin zəruri olduğunu vurğulayıb. O deyib: “Əmtəə dövriyyəsinin indiki səviyyəsi bizim potensialımıza uyğun deyil. Ölkələrimiz arasında yaranmış səmimi dostluq münasibətləri çox vacib və qiymətlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...