"Azərbaycan digər Xəzəryanı ölkələrdən infrastrukturuna görə seçilir” ŞƏRH-ÖZƏL

Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya bütün Xəzəryanı ölkələrin bundan sonra özlərini hüquqi müstəvidə necə aparmasını qanuniləşdirir”. Bu fikirləri SİA-ya açıqlamasında "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban deyib.

O bildirib ki, əgər bundan əvvəl ölkələr öz araların dil tapmağa çalışırdılarsa, artıq bu hüquqi müstəvidə həllini tapmış oldu. “Bundan sonra ölkələr sənəd əsasında nəyi edib-etməyəcəklərini müəyyənləşdirmiş oldular. Bu da region üçün bir stabillik şəraiti yaradır”.

İ.Şabanın sözlərinə görə, Azərbaycan indiyədək öz mineral, karbohidrogen ehtiyatlarından necə hasil edirsə, bu işlər bundan sonra da davam etdiriləcək: “Çünki Xəzərin dibi sektoral bölgü ilə öz əksini tapıb. Şimal hissə qeyd olunduğu kimi Rusiya, Azərbaycan, Qazaxıstan arasında orta xətt prinsipi ilə necə bölünübsə, tövsiyə olunub ki, Xəzərin cənub hissəsi də bu prinsip əsasında bölünsün. Burada məcburiyyət yoxdur sadəcə tövsiyə var ki, bu da məsələlərin ölkələrin qarşılıqlı konsersium əsasında həllinə imkan yaradır. Hər kəsə məlumdur ki, Xəzərin hüquqi statusu ilə bağlı aparılan uzun müddətli danışıqlar zamanı Azərbaycanın İran və Türkmənistan arasında müəyyən narazılıqlar var idi. Artıq sənədin imzalanması ilə problemlər aradan qaldırılmış oldu ”.

Xəzər dənizi ilə əlaqədar balıq ovu, ekologiya və digər məsələlərin olduğunu deyən iqtisadçı söyləyib ki, Konvensiyada bu məsələlərə aydınlıq gətirilib: “Burada şübhə ilə yanaşılan, ölkələrin bir-birinə etimad göstərmədiyi məsələlər var idi ki, onlar da sənədin imzalanması ilə həllini tapmış oldu.

Mərkəz sədri qeyd edib ki, Azərbaycan digər ölkələrlə müqayisədə öz infrastrukturuna görə seçilir: “Bu, Xəzərdə neft-qaz kəmərlərinin çəkilişi ilə bağlıdır. Sənədə əsasən artıq buna da aydınlıq gətirilib. Belə ki, bu kəmərlər hansı ölkənin sularından keçəcəksə, bu birbaşa olaraq həkin ölkələr arasında həll olunacaq. Sadəcə masştab nəzərə alınaraq, ekoloji baxımdan digər ölkələrlə bu uzlaşdırılaraq, ətraf mühitə təsir məsələləri həmin ölkələrə təqdim olunacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə