Bakıda beynəlxalq konfrans keçirilib

Bu gün Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda iştirak etmək üçün BƏT-in Baş direktoru Qay Rayderin ölkəmizə səfərə gəlib.

Bu, Azərbaycanın BƏT-ə üzv olduğu dövrdə Təşkilatın Baş direktorunun ölkəmizə ilk səfəridir.

Tədbirdə beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin hökumətlərinin, həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edir.

BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri bəşəriyyəti dayanıqlı inkişaf yoluna səfərbər etmək üçün dünya liderləri arasında razılaşdırılaraq təsdiqlənmiş hədəfləri özündə əhatə edir. Azərbaycan Respublikası da BMT-yə üzv dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən Dayanıqlı İnkişaf Sammitində Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Milli inkişaf prioritetlərini Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdıran Azərbaycan bu Məqsədlərin icrası istiqamətində uğurlu nəticələrə imkan verən fəal siyasətin həyata keçirildiyi ölkələrdən biridir. Hazırda Məqsədlərin icrası işlərinin əlaqələndirilməsi üçün ölkəmizdə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da fəaliyyət göstərir.

Eyni zamanda, ötən dövrdə ölkəmizdə həyata keçirilən inkişaf strategiyasında məşğulluq amili ön planda saxlanılmaqla, əmək bazarının inkişafı və əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində mühüm irəliləyişlərə nail olunub. Bunun nəticəsidir ki, Azərbaycan BMT-nin “2030 Gündəliyi”nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə kimi müəyyən olunub. “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfransın ölkəmizdə keçirilməsi də Azərbaycanda dayanıqlı inkişaf şəraitində əmək və məşğulluq sahəsində həyata keçirilən uğurlu islahatlara, əldə olunan nailiyyətlərə beynəlxalq səviyyədə yüksək dəyər verildiyinin növbəti əyani ifadəsidir.

Konfrans çərçivəsində “Əməyin arzuolunan gələcəyi” mövzusunda plenar sessiya keçiriləcək, iqtisadi inkişafın inklüziv, davamlı və iş yerlərinin açılması baxımından səmərəliliyinin təmin edilməsi, qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçid, Dayanıqlı İnkişaf Məqsədləri üzrə monitorinq sistemlərinin tətbiqi məsələləri ətrafında panel iclaslar səviyyəsində müzakirələr aparılacaq. Layiqli əmək konsepsiyasının təbliği və reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlər nəzərdən keçiriləcək, təcrübə mübadiləsi aparılacaq.
Konfrans zamanı “Bakı EXPO 2025” ilə bağlı təqdimatın keçirilməsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə