Dünya birliyi Ermənistanın işğalçı olduğunu bilməlidir AÇIQLAMA

"Dövlət başçısı İlham Əliyevin İƏT-in İstanbul Zirvə toplantısında iştirakı və çıxışı mühüm və önəmli hadisə kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, İlham Əliyevin belə bir toplantıda iştirakı, çıxışı zamanı dünya, sülh, təhlükəsizlik üçün səsləndirdiyi önəmli müsajlar olduqca vacibdir: "Xüsusən, dövlət başçısının Zirvə toplantısında sammit iştirakçılarının diqqətini bir daha Ermənistan-Azərbaycan münaqişəsinə, Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirməsinə yönəltməsi ən önəmli məqamlardandır. Azərbaycan dövləti, onun rəsmiləri, xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman bütün tribunlardan Azərbaycan problemlərini, üzləşdiyi ədalətsizlikləri, haqsızlıqları, ən əsası, Ermənistanın işğalçılığını, işğala son qoyulmasının vacibliyini dilə gətirib, səsləndirib. Çünki dünya birliyi, beynəlxalq ictimaiyyət Azərbaycan reallıqlarını, həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini olduğu kimi bilməli, dərk və etiraf etməlidir. Bu istiqamətdə də uzun illərdən bəri aparılan məqsədyönlü və təmkinli xarici siyasət kursu artıq öz müsbət nəticələrini verməkdə, gündən-günə, hər tədbirdən-tədbirə Ermənistanın iç üzü açılmaqda, işğalçılıq siyasəti, cinayətkarlıq əməlləri ifşa olunmaqdadır. Bu baxımdan, İstanbul Zirvə toplantısında da Ermənistan-Azərbaycan münaqişəsinə toxunulması, Ermənistanın əməllərinin bir daha yüksək tribunadan bəyan olunması vacib və lazımlı idi. Cənab Prezident də öz çıxışında bir daha bu məsələyə toxunaraq, dünyaya Azərbaycanın Qarabağ məsələsində tutduğu mövqenin birmənalı və dəyişməz olduğunu nümayiş etdirmiş oldu. Odur ki, kimsə Azərbaycandan mövqe dəyişikliyini və güzəşt edilməsini gözləməsin.”

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə