Sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən ödənilməsi təmin edilib

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirildiyi ifadə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, həmin müraciətlərlə əlaqədar Xidmətin həyata keçirdiyi tədbirlər nəticəsində bu ilin 11 ayında işəgötürənlər tərəfindən 102 623 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Qeyd olunan vəsaitin 92,2 faizini əmək haqları, 5,2 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Görülən tədbirlərlə bərabər, Xidmətin əməkdaşları aidiyyəti işəgötürənlərə əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə hüquqi izahatlar veriblər. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilməsi ilə bağlı müraciətlər də obyektiv şəkildə araşdırılıb. Qanunvericiliə zidd şəkildə əmək müqaviləsinə xitam verildiyi müəyyən olunan şəxslər yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ildə də işəgötürənlər arasında əmək qanunvericiliyi ilə bağlı maarifləndirmə işləri davam etdirilib, habelə əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə onların ətraflı şəkildə məlumatlandırılması təmin olunub. 2017-ci il üçün İş planına uyğun olaraq, Xidmət ayrı-ayrı orta məktəblərin yuxarı sinif şagirdləri arasında əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də keçirib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə