7 yanacaqdoldurma məntəqəsində “Super” markalı benzin satılır

SOCAR-ın 7 yanacaqdoldurma məntəqəsində “Super” (A-98) markalı benzinin satışına başlanılıb. SİA-nın məlumatına görə, “SOCAR PETROLEUM” QSC-dən bildirilib ki, böyük müştəri kütləsinin “Super” markalı yanacağa olan tələbatı nəzərə alınaraq ötən gündən etibarən yalnız 7 müxtəlif ünvanlarda fəaliyyət göstərən “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışına başlanılıb.

QSC-nin aşağıdakı yanacaqdoldurma məntəqələrində həmin yanacaq növünün satışı həyata keçirilir: Bakı-aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçu dairəsinin yaxınlığı); Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi); Bakı-Quba yolunun 28-ci kilometrində (yolun sağ tərəfi); Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpiya Stadionunun yaxınlığı); Babək prospekti (şəhər mərkəzi istiqamətində); Ziya Bünyadov prospekti və Nobel prospekti.

Azərbaycanda “Super” yanacağının satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Xaricdən idxal olunan bu yanacağın qiyməti 1,50 manat/litr təşkil edir və “Avro-5” ekoloji standartın tələblərinə cavab verir.

Bütün xəbərlər Facebook səhifəmizdə