İnvestorların hərraclarda iştirakı sadələşdirilir

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir yanaşmaların tətbiqini genişləndirir. Əmlak Məsələləri Dövlət Komitəsindən SİA - ya verilən məlumata görə, özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün həyata keçirilən mühüm yeniliklərdən biri Komitə tərəfindən təşkil olunan açıq və şəffaf hərraclardır. Belə hərraclar hər kəsin iştirakı üçün açıqdır, yəni istənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Belə ki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 22 avqust tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 5-i istifadəsiz qeyri yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Sumqayıt şəhərində yerləşən “Şəfəq kafesi”, İmişli rayonunda olan “Tərəvəz Anbarı”, Göyçaydakı “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi” aiddir. Qeyd edilməlidir ki, “Şəfəq kafesi”nin torpaq sahəsi 320 kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 121 kv.m, “Tərəvəz Anbarının torpaq sahəsi 574 kv.m, ümumi faydalı sahəsi isə 2234 kv.m, “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi”nin isə torpaq sahəsi 6452 kv.m, ümumi faydalı sahəsi 213 kv.m təşkil edir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən 6 kiçik dövlət müəssisəsinin 3-ü İmişlidə, qalanları isə Göyçayda, Xaçmazda, Sumqayıtda yerləşir.

Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 3-ü paytaxtda, 2-si isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, digəri Nizami rayonunda yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsinin hər ikisi Mingəçevir şəhərindədir. Özəlləşdirilən əmlakların sahəsi 15 kv.m ilə 49 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 37 kv.m olan qeyri-yaşayış sahəsidir.

Özəlləşdirilən nəqliyyat vasitəsinin markaları isə Hyundai Sonata və QAZ-3307-dir. Avtomobillər müvafiq olaraq 2007-ci il və 2008-ci ilin buraxılışıdır.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir: http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Qeyd edilməlidir ki, 2017-ci ildə 110 hərrac keçirilib. Xarici investorlarında özəlləşdirməyə cəlb edilməsi, hərraclara qatılması istiqamətində işlər aparılır. 500-ə yaxın şirkətə, 40-a yaxın investisiya, beynəlxalq konsaltinq şirkətinə, özəlləşdirmə prosesi, ölkədə mövcud olan investisiya mühiti, özəlləşdirmənin faydaları, üstünlükləri, hərraclar və digər məsələləri əhatə edən müraciətlər ünvanlanmışdır.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Qeyd edilməlidir ki, portaldan istifadə edənlərin sayı 800 mindən artıqdır.

Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə