Kulinarlarımız Dünya Halal Sammit Zirvəsində yüksək nəticə göstəriblər FOTOLAR

Azərbaycan Milli Kulinariya Assosiasiyasının komandasının Dünya Halal Sammit Zirvəsində yarışda iştirakı ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, 18 nömrəli Bakı Peşə Liseyində gerçəkləşən konfransda Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov yarışla bağlı fikirlərini bölüşüb. Bildirib ki, sammit zamanı keçən yarışlarda Azərbaycan, Türkiyə, İraq, Özbəkistan, Rusiya, Çeçenistan Respublikası, Livan, Əlcəzair, Səudiyyə Ərəbistanı, İordaniya və Çuvaş Respublikasından komandalar iştirak edib. Türkiyənin Bartin şəhərində yerləşən peşə təhsili müəssisələrinə Kulinariya Mərkəzinin nəşr etdiyi kitablar hədiyyə edilib.

Bildirib ki, Azərbaycan komandasının üzvləri Naim İsgəndərov bir qızıl (desert sinfindən), bir gümüş (modern sinfindən), bir bürünc (balıq sinfindən), Röyal Baxışov bir qızıl (desert sinfindən), bir gümüş (quzu sinfindən), iki bürünc (modern və balıq siniflərindən) qazanıblar. Yarışlarda komandamız (Naim İsgəndərov, Röyal Baxışov, Nigar Meyludova) ikinci yeri tutaraq gümüş medal qazanıb.

Azərbaycanda kulinariya sahəsinin inkişafından söz açan T. Əmiraslanov bildirib ki, ötən əsrin 90-cı illərində ölkədə vəziyyət acınacaqlı olsa da ulu öndər Heydər Əliyev bu sahəyə diqqət ayırıb, komandaların xaricdə keçirilən festivallarda iştirakı üçün dəstəkçi olub. Vurğulayıb ki, o zamanlar Heydər Əliyev mədəni irsimizi inkişaf etdirmək üçün regionlardan dəsturların toplanması təşəbbüsünü irəli sürmüşdü.

T. Əmiraslanov yerli aşpaz məktəbləri ilə daha sıx əməkdaşlıq edəcəyini deyib. Liseyin tələbələrinə öz məsləhətlərini verən T.Əmiraslanov qeyd edib ki, aşbaz olmaq üçün nəzəriyyəni bilmək vacibdir.

“Dolmalar – 381 çeşid” kitabından danışan T. Əmiraslanov söyləyib ki, sözügedən kitab 2019-cu ildə Çində keçirilən müsabiqədə birinci yeri tutub. Həmən yarışmada ikinci yer Türkiyə, üçüncü yer isə İtaliya mətbəxinə verilib.

Sonra T.Əmiraslanov nəşr etdirdiyi “Dolmalar – 381 çeşid” kitabını liseyə hədiyyə edib.

“Dolmalar – 381 çeşid” kitabından danışan 18 nömrəli Bakı Peşə Liseyinin direktoru Fatma Çandiriva bildirib ki, bu vəsait liseyin tələbələri üçün bir örnək olmaqla, Azərbaycanı layiqincə təmsil edə biləcəklər. Qeyd edib ki, ölkəmizdə turizm inkişaf etdiyi üçün mehmanxanalarla əlaqələri möhkəmlətmək olduqca vacibdir.

Qeyd edək ki, bu ərəfədə Azərbaycan Milli Kulinariya Mərkəzinin baş mühəndis texnoloqu Leyla Kərimli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən keçirilmiş 2019-cu ildə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nəaliyyətlər əldə etmiş gənclər arasında “İlin peşəkar gənci” müsabiqəsinin qalibi seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə