Əminə Dilbazinin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Dekabrın 20-də “Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Əminə Dilbazinin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Ölkə Başçısının Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi haqqında imzaladığı müvafiq Sərəncama əsasən silsilə tədbirlər davam edir.

SİA-nın məlumatına görə, “Mirvarid Dilbazi Məclisi” də Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında və xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində müstəsna xidmətlər göstərmiş Əminə Dilbazinin anadan olmasının 100 illiyinə öz töhfəsini vermək üçün belə bir tədbir təşkil edib.

Qeyd edək ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandırıb. Xalq artisti bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olub. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, Ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və başqa əsərlərdə də rəqslərə quruluş verib.

Tədbirdə Əminə Dilbazinin ömür yolundan və sənət dünyasından geniş söz açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə