Xalq yazıçı Elçinin kitablarının təqdimatı olub FOTOLAR

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin “Baş” romanı, “Qırx beş. Seçilmiş hekayələr”, “Daha darin qatlara. Seçilmiş məqalə və esselər” və “Mənə niyə gülürlər” kitablarının təqdimat marisimi olub. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov görkəmli yazıçının yaradıcılığı haqqında danışıb. Yazıçının əhatəli yaradıcılıq diapazonuna malik olduğunu söyləyən K.Tahirov bildirib ki, onun bədii irsinin janr müxtəlifliyi ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir: “Elçin Azərbaycan ədəbiyyatı tarixində silinməz iz qoyan, çağdaş ədəbiyyatın ən tanınmış simalarındandır. Bu gün onun dörd kitabının təqdimat mərasiminə toplaşmışıq. Elçinin qəhrəmanları ona görə sevilir ki, onlar real həyatdan götürülmüş obrazlardır. Onun bir neçə əsəri səhnəyə qoyulub, onlar əsasında filmlər çəkilib. Azərbaycanda bir sıra aktyorlar nəslinin yetişməsində onun əsərlərinin çox böyük rolu var”.

Mədəniyyət naziri Əbülfəs Qarayev yazının əsərlərinin tərbiyəvi əhəmiyyətini qeyd edib. Bildirib ki, Elçinin yaratdığı əsərlər öz aktuallığını heç vaxt itirməyib. Nazir deyib ki, onun kitabları insanlara Elçinin ədəbi fəaliyyətini bir daha təhlil etməyə və yaradıcılığı haqqında düşünməyə istiqamət verir.

“Yazıçının yaradıcılığı təkcə ədəbiyyatda deyil, teatr və kino üçün də bir hadisədir. Elçinin bir sıra əsərləri dövlət tərəfindən nəşr edilib. Bu gün təqdimatı keçirilən kitablar, əlbəttə xüsusi əhəmiyyət kəsb edir. Elçinin və bu nəslin ən tanınmış siması İlyas Əfəndiyevin yaradıcılığı ədəbiyyat tarixində silinməz iz qoyub. Elçin müəllimin yaradıcılığı bütün dövrlərdə aktual olub, hər zaman da belə olacaq. O, uzun illər dövlət işində aparici vəzifələrdə çalışmasına baxmayaraq, qələmi əlindən buraxmayıb, yaradıcılığını davam etdirib. Onun əsərləri Azərbaycanla yanaşı, dünyada da oxunur və sevilir”, - deyə Ə.Qarayev söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Elçinin yaradıcılığı və insanı keyfiyyətləri barədə təəssüratlarını bölüşüb. Vurğulayıb ki, Elçinin əsərləri tariximizin çətin və ziddiyyətli dövrlərini əks etdirir: “O, bütün janrlarda uğurlu yazır. Arzu edirəm ki, Elçin uzun illər yaşayıb yaratsın”.

Elçinin yaradıcılığının zənginliyi haqqında danışan Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud bildirib ki, onun kitablarının hər birinin təqdimatı hadisədir. Azərbaycan ədəbiyyatında Elçinin yazdığı ədəbi tənqidlərin xüsusi yeri olduğunu deyən A.Məsud söyləyib ki, onun tənqidlərinin mükəmməl səviyyədə alınması peşəkar yazıçılığından irəli gəlir.

“Elçinin əsərlərinin hər biri məktəbdir. Onun əsərlərinin içərisində mənim sevdiyim hekayələr çoxdur. Onun uşaqlar üçün yazdığı hekayələri balacalara böyük bir töhfədir. Elçin müəllimin yaradıcılığı, həm də çoxistiqamətlidir. Onun bu işləri görməsinin fövqündə vətənpərvərlik, Azərbaycan ədəbiyyatına sevgi dayanır. Biz tərcümə mərkəzi olaraq Elçinin əsərlərinə böyük maraq göstəririk. Bundan sonra da onun əsərlərinin başqa dillərə çevrilməsi istiqamətində layihələrimizi davam etdirəcəyik”, - deyə A.Məsud vurğulayıb.

Sonra yazıçının yaradıcılığına həsr edilmiş sədli film nümayiş edilib.

Çıxış edən digər natiqlər Elçinin yaradıcılığından danışıb, əsərlərinin məziyyətlərini vurğulayıblar.

Tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirən Xalq yazıçısı Elçin gələcək planlarından danışıb, bundan sonra da maraqlı əsərlərlə oxucuların görüşünə gələcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...