İranlı rəssamın fərdi sərgisi açılıb FOTOLAR

“Qalereya 1969” sərgi salonunda İranın Təbriz şəhərindən olan rəssam Həmid Əminifarın fərdi sərgisi açılıb. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin noyabrın 25-dək Bakıda keçirilən “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb. Həmid Əminifarın əsərlərinin dünyanın bir çox ölkələrində nümayiş olunduğunu deyən Qalib Qasımov rəssamın sərgisinin ölkəmizdə ilk dəfə təşkil edildiyini vurğulayıb: “Həmid Əminifar bu sənətə 16 yaşından başlayıb. Əsərlərində incəsənətin müxtəlif janrları öz əksini tapıb. Portret janrında çox maraqlı əsərləri var. Buradakı əsərlər xəttatlıq sənəti ilə müasir incəsənətin vəhdətini təşkil edir. O, əsərləri ilə ənənəvi və müasir incəsənət arasındakı dialoqu bizə çatdırır. Sərgilənən əsərlər “Quran”dan götürülən müxtəlif ayələr, klassik şairlərin poeziyasını əhatə edir”.

Tanınmış rəssam, xanəndə Vədud Müəzzin sərgi barədə öz fikirlərini bölüşüb, fırça ustasına yaradıcılıq uğurları arzulayıb.

Sonda çıxış edən Həmid Əminifar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək ölkəmizdə ilk dəfə sərgisinin təşkilindən məmnunluğunu ifadə edib.

Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə 2003-cü ildən etibarən ənənəvi keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi müxtəlif ölkələrdən rəssam və sənətşünasları bir araya gətirir.

Bütün xəbərlər Facebook səhifəmizdə