Növbəti xeyriyyə konserti baş tutacaq

Dekabrın 5-də Macarıstanın Azərbaycandakı səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə beynəlxalq müsabiqələr laureatı Erdi Tamaş (Macarıstan) və Azərbaycan Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında baş dirijoru olduğu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti baş tutacaq.

SİA-nın məlumatına görə, konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Uşaq ikən görmə qabiliyyətini itirməsinə baxmayaraq, bu özəlliyi Tamaş üçün sevdiyi sənətlə məşğul olmaq və olduqca uğurlu karyera qurmağa əngəl yaratmadı. O, tez-tez dünyanın fərqli qitələrində konsertlərlə çıxış edir və tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Konsert çərçivəsində macarıstanlı musiqiçi Azərbaycanlı həmkarı və dostu, dünyaca məşhur dirijor, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevlə səhnəni paylaşacaq.

Ə.Quliyev bir çox məşhur xarici simfonik orkestrlələ, o cümlədən Royal Filarmoniya Orkestri, Fransa Radiosu Filarmonik Orkestri, Vyana Kamera Orkestri, Mariinski Teatrının Simfonik Orkestri və digərləri ilə əməkdaşlıq edir. Bununla yanaşı o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi direktorudur.

Dekabrda Tamaş Erdi ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək. Ancaq konsertin məqsədi T.Erdi və Ə.Quliyev sənətinin və ümumiyyətlə klassik musiqi sevənlərin zövqünü oxşayacaq bir axşam keçirməklə kifayətlənmir. Belə ki, bu möhtəşəm konsert sırf xeyriyyə məqsədi daşıyır. Bilet satışından əldə olunan bütün gəlir Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin ehtiyaclarının qarşılanması və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün Brayl lövhələrinin alınmasına yönlənəcək.

Konsertin xeyriyyə məqsədinə dəstək olaraq tədbirin bədii hissəsindən sonra Dövlət Filarmoniyasının foyesində Macarıstan səfirliyi tərəfindən kiçik xeyriyyə yarmarkası təşkil olunacaq. Yarmarkada tədbirə özəl gətirilmiş qış sezonunun başlanğıcınə simvolizə edən Macarıstan təamları və şirniyyatları satışa çıxarılacaq.

Xatırladaq ki, 2018-ci ildə Macarıstanın ölkəmizdəki səfirliyi, “Nargis” jurnalı və Fondunun birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçirilmişdi. Tədbirdən əldə olunmuş bütün vəsait 5 nömrəli respublika xüsusi internat məktəbində oxuyan sağlamlıq imkanları məhdud uşaqlar üçün Brayl çap maşının əldə olunmasına yönəldi.

Biletləri iTicket.az saytından və kassalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...