“Gələcəyin konsepsiyalarında mədəniyyət amili” FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində “Gələcəyin konsepsiyalarında mədəniyyət amili” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

MEMİM-in direktoru Asif Usubəliyev tədbiri açıq elan edərək bildirib ki, mədəniyyət dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, insanları bir araya gətirən qüvvədir. Hələ ilk dövlətlər yaranana qədər insanların həyatında ibtidai formada belə mədəniyyət mövcud idi. Məhz bu mövcudluq insanlarda şüuru formalaşdıran mühüm amil kimi əks olunur. Dünyanın hər bir ölkəsində milli-mənəvi dəyərlərin təbliği mühüm yer tutur. Dünya sivilizasiyasının inkişafına töhfə verən konsepsiya, paradiqma və digər fəaliyyətlərin proqramı hazırlanır. Davamlı inkişafın təmin olunmasında bu konsepsiyaların böyük əhəmiyyəti var.

Konfransda AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, millət vəkili Qənirə Paşayeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayevanın çıxışları dinlənildi.

Qeyd olundu ki, gələcəyin konsepsiyalarının formalaşdırılması və mədəniyyət amilinin önə çəkilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Dünyanın bir çox aparıcı elm, təhsil və mədəniyyət müəssisələrindən dəvət olunan alim, tarixçi, həmçinin mədəniyyət xadimləri tərəfindən gələcək konsepsiyalar üçün aparılan müzakirələr mühüm əhəmiyyət kəsb edir.

Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin professoru Tair Maxamatov, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Akif Musayev, Fəlsəfə İnstitutunun şöbə müdiri Könül Bünyadzadə, Qazaxıstan Respublikası Tarix İnstitutunun elmi katibi Anara Qabdullina, MEMİM-in sektor müdiri Ceyhun Əhmədov və başqaları “Mədəniyyət fəlsəfənin əsas obyekti kimi”, “Mədəniyyətlərarası kommunikasiyaların gələcəyi ilə bağlı elmi araşdırmalar”, “Müasir Azərbaycan mədəniyyətlərin kəsişməsində” və s. mövzularda məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində MEMİM-in nəzdində təsis olunmuş “Mədəniyyət naminə elm” debat klubunun təqdimatı keçirilib. Klubun fəxri üzvlərinə vəsiqələr təqdim olunub.

Sonda iştirakçılar "Kapellhaus" Azərbaycan-Alman Mədəniyyət Mərkəzi, Bakı Amerika Mərkəzi, Misir, Rusiya və Fransanın mədəniyyət mərkəzlərinin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...