Görkəmli alim Asif Rüstəmlinin 65 yaşı tamam olur - Özəl

Bu gün görkəmli Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 65 yaşı tamam olur. Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Asif Rüstəmli-65” adlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya verilən məlumnata görə, sərgidə alimin müəllifi olduğu kitab və monoqrafiyalar, ön söz yazdığı, redaktoru olduğu kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.

Məlumat üçün bildirək ki, alim Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.O, elmlər namizədi (1994), dosent (2009), filologiya elmləri doktoru (2012), professor (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri (2015), Prezident təqaüdçüsü (2014-2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003-2018), Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2013-2018) olub. 1988-ci ilin yanvar ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olmuş, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlmiş, 1991-1995-ci illərdə «Folklor Sarayı» Elmi-Mədəni Mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru, 1995-1999-cu illərdə Elmi nəşrlər bölməsinin və Mətbuat tarixi və publisistika şöbəsinin (2014-2018) müdiri vəzifələrində işləmişdir.

A.Rüstəmli respublikamızda və onun hüdudlarından kənarda cabbarlışünas tədqiqatçı-alim kimi yaxşı tanınır. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq «Ədirnə fəthi» adı ilə 1996-cı ildə «Elm» nəşriyyatında çap etdirmişdir. Görkəmli dramaturqun 20 ç. v. həcmində naməlum və az məlum əsərlərinin ilk dəfə üzə çıxarılması ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik «Əsərləri»nin də tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. O, bu nəşrə «Bədii həqiqətlər ustası» sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazmış, sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa etmiş, bir sıra nümunələr ilk dəfə çoxcildlikdə işıq üzü görmüşdür. Təhsil Nazirliyinin qərarı ilə «Azərbaycan ədəbiyyatı» seriyasından buraxılan Cəfər Cabbarlının «Seçilmiş əsərləri»ni (Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2004, 45.8 ç.v.) də A.Rüstəmli tərtib etmiş, nəşrə geniş ön söz, qeyd və şərhlər yazmışdı. O son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur. Asif Rüstəmli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dövrü əhatə edən məruzələrini, çıxışlarını söhbətlərini toplayıb tərtibləyərək 2000-ci ildə «Nəcib, mənəvi idealların tərənnümü» (Bakı, «Ozan», 2000, 29.25 ç.v.) sərlövhəsi ilə çap etdirmiş, ulu öndərin «Ədəbiyyatın yüksək borcu və amalı» (Bakı, «Ozan», 2000, 31 ç.v.) kitabının redaktoru olmuşdur.

Dissertasiya və monoqrafiyaların müzakirəsində ədalətli və prinsipial mövqeyi ilə fərqlənir. Lalə Hacıyevanın «Əhmədbəy Ağayevin publisistikası» (BDU, 2006), Aygün Həsənovanın «Azərbaycan ədəbiyyatında Şeyx Şamilin bədii obrazı» (Nizami adına Ədəbiyyat İnstitutu, 2007), Bahar Məmmədovanın (Bərdəli) «Balaş Azəroğlunun yaradıcılıq yolu» (Nizami adına Ədəbiyyat İnstitutu, 2010), Tofiq Yusifovun “Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu (1991-2004)” (BDU, 2012) və digər mövzularda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olmuşdur. Onun rəhbərliyi ilə Aynurə Paşayeva fəlsəfə doktoru, Mərziyyə Nəcəfova elmlər doktoru dissertasiyalarını uğurla müdafiə etmişdilər (2018).

14 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara ön söz yazmışdır. Elmi məqalələri xarici ölkələrdə türk, ingilis, rus, fars, polyak və macar dillərində çap olunmuşdur. Onun ssenariləri əsasında «Günəş şərqdən doğur» (Az.TV, 2003, 6 mart), «İstiqlal fədaisi» («Lider» 2004, 6 fevral), «Nurlu gələcək naminə» («Space», 2005, 15 sentyabr), "Bir kərə yüksələn bayraq. Azərbaycan Cümhuriyyəti - 100" (Qəbələ, 2018, 6 iyun) sənədli filmləri çəkilib nümayiş etdirilibdir.Moskvanın «Kinoprodukt» Studiyasının çəkdiyi «Əfsanənin əks üzü» seriyasından «26 Bakı komissarı» (Moskva, Zvezda TV, 2008) sənədli filminin elmi məsləhətçisi olub və filmdə çıxış edib.

Asif Rüstəmli ədəbiyyatımızı, mədəniyyətimizi televiziya kanalları vasitəsilə layiqincə təbliğ və təmsil edir. O 1992-1996-cı illərdə Azərbaycan Televiziyası ilə gedən «Yaddaş», «Tarix bizə nə deyir» verilişlərinin ssenari müəllifi və aparıcısı olub. Profesor uzun illərdir pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mətnşünaslıq, Redaktənin əsasları, Ədəbi redaktənin əsasları fənlərindən dərs deyib (1996-2019), 2013-2018-ci illərdə 0,5 ştat əvəzçilik üzrə ADMİU-nun professoru vəzifəsində çalışıb. AAK Rəyasət Heyətinin qərarı ilə 2018-ci ildə professor elmi adına layiq görülübdür.Alim «Cəfər Cabbarlı və ədəbi-mədəni mühit» mövzusunda doktorluq dissertasiyası müdafiə edib (2011, noyabr), bir sıra beynəlxalq elmi konfransların, simpoziumların iştirakçısı olub. Ankarada (1991), Bağdadda (1994), Tehranda (1995), Təbrizdə (1998), Bəsrədə (1999), Urmiyada (2004, 2011), Varşavada (2007), Tomskidə (2008), Elazığda (2008, 2012, 2013), Budapeştdə (2010), Diyarbəkirdə (2013) və Astanada (2014), Balıkəsirdə (2018) keçirilən beynəlxalq elmi məclislərdə ədəbiyyat məsələləri ilə bağlı məruzələri ilə diqqəti cəlb etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...