“Məhsəti” romanı oxucuların ixtiyarında...

Yazıçı Cavidanın “Məhsəti” adlı yeni romanı işıq üzü görüb. SİA-nın məlumatına görə, əsər Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Roman XII əsrin tanınmış Şərq mütəfəkkiri və xeyriyyəçisi haqqında irihəcmli bədii əsərdir.

Romanda Məhsətinin Nigar Rəfibəylinin tərcümə etdiyi rübailərindən və akademik Rafael Hüseynovun "Məhsəti necə varsa" kitabındakı məlumatlardan, xüsusən də "Əmir Əhməd və Məhsəti" dastanının süjet xəttindən istifadə olunub.

Tarixi janrda olan əsərdə Məhsətinin həyatından, onun keşməkeşli və təzadlı ömür yolundan danışılır. “Məhsəti” müəmma haləsinə bürünmüş qeyri-adi qadın taleyindən bəhs edir.

Kitabın redaktoru yazıçı-publisist Kərim Kərimlidir.

Qeyd edək ki, bu, Cavidanın sayca dördüncü kitabıdır. Yazıçı eyni zamanda Azərbaycanda və Özbəkistanda nümayiş etdirilən "Günəşim ol" və "Uçurum" teleseriallarının ssenari və süjet müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə