Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş konfrans keçirilib FOTOLAR

Azərbaycan Bəstəkarlar İttifaqında Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə, bəstəkarlara diqqət və qayğı ilə yanaşıb. Həmişə Azərbaycan musiqisini, onun bəstəkarlıq məktəbini yüksək qiymətləndirib, bütövlükdə, musiqi sənətimizin inkişafına mənəvi zəmin yaradıb. Onun musiqimizə sonsuz vurğunluğu bu sahədə çalışanları yeni yaradıcılıq axtarışlarına ruhlandırıb. Dahi şəxsiyyətin Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə Bəstəkarlar İttifaqının fəaliyyətinə verilən qiymətin bariz təzahürüdür. Onun şəxsi təşəbbüsləri ölkəmizin musiqi mədəniyyətinin inkişafına, zənginləşməsinə və beynəlxalq səviyyədə böyük müvəffəqiyyətlər əldə etməsinə öz töhfəsini verib: “Ümummilli Liderin Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu onlara yaradıcılıq axtarışlarında və yeni əsərlərin yaranmasında ilham verib”.

Sonra Azərbaycan Dövlət Televiziyası və Radiosunun “Bənövşə” uşaq xoru, Niyazi adına Simfonik Orkestri və C.Cahangirov adına xorunun ifasında ulu öndər Heydər Əliyevə həsr olunan “Heydər babamız”, “Minnətdarıq” mahnıları, “Heydər” oratoriyası səsləndirilib.

Tədbir məruzələrin dinlənilməsi ilə davam edib. Konfransda Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, dosent Sərdar Fərəcov “Heydər Əliyevə həsr olunmuş musiqi əsərlərinin janr təsnifatı”, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Oqtay Rəcəbovun “Heydər” Oratoriyasının üslub xüsusiyyətləri”, professor Cəmilə Həsənova “Heydər Əliyev Fondunun fəaliyyəti Ulu Öndərin ideyalarının inikası kimi”, dosent Lətifəxanım Əliyeva “Heydər Əliyev və müstəqillik illərində Azərbaycan musiqisi” mövzusunda məruzələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə