Əliqismət Lalayev beynəlxalq forumda iştirak edəcək

2018-ci il noyabr ayının 26-dan 30-dək Rusiya Federasiyasının Yekaterinburq şəhərində Sverdlovski Dövlət Akademik Musiqili Komediya Teatrının 85 illik yubileyi münasibətilə ''От практики k совершенству" (“Тəcrübədən kamilliyə”) adlı Musiqili Teatrların Beynəlxalq forumu keçiriləcək.

SİA teatrdan verilən xəbərə görə, dünyanın onlarla ölkəsinin teatr xadimlərinin iştirak edəcəyi bu forumda ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev təmsil edəcək.

Sverdlovski Dövlət Akademik Musiqili Komediya Teatrının rəhbəri Mixail Vyaçeslavoviç Safranovun rəsmi dəvəti ilə tanınmış rejissor və teatr xadimi 2018-ci il noyabrın 25-dən dekabrın 1-dək Yekaterinburq şəhərində səfərdə olacaq.

Bir çox beynəlxalq teatr və musiqili festivallarında, müsabiqələrdə münsiflər heyətində uğurla iştirak edən Əliqismət Lalayev forumda ''Azərbaycan Dövlət Musiqili Teatrının inkişaf mərhələləri" adlı məruzə ilə çıxış edəcək.

"Düşünürəm ki, bu dəvət forum təşkilatçıları tərəfindən Azərbaycan mədəniyyətinə, milli sərvətimiz olan teatrımıza yüksək etimadın, rəğbətin təzahürüdür. Təməl daşı dahi Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə qoyulan Musiqili Teatrın teatr tariximizdə özünəməxsus yeri var. Mənə verilən geniş fürsətdən yararlanaraq teatrımızın dünəni, bu günü və gələcək inkişafı, qarşıda duran layihələrimiz barədə forum iştirakçılarına geniş məlumat verəcəyəm. Qeyd edim ki, 5 gün davam edəcək tədbirdə hər günün öz xüsusi proqramı var. Forumun gündəliyində sərgilər, kitab təqdimatları, müxtəlif teatr görüşləri gözlənilir. Forum iştirakçılarını “Musiqili teatrda rejissor”, “Musiqili teatrda müəlliflər”, “Musiqili teatrda dirijor”, “Teatr sənətinin təhlili” mövzularında dəyirmi masalar, vokal artistlərinin, rejissor və xoreoqrafların ustad dərsləri, tamaşaların nümayişi də gözləyir. Belə görüşlərin ölkələrarası mədəni əməkdaşlığa öz töhfələrini verəcəyinə əminəm”- deyə Ə.Lalayev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...