Sumqayıt Regional Mədəniyyət İdarəsi müşavirə keçirib FOTOLAR

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, idarə rəisi Mehman Şükürov müşavirəni açaraq 9 ay ərzində görülən işlər haqqında məlumat verib.

Bildirib ki, hesabat dövrü ərzində tabe müəssisələrdə bir sıra tədbirlər keçirilib. Uğurlarla bərabər problemlərin də olduğunu bildirən idarə rəisi qeyd edib ki, idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri artıq ödənişli xidmətlə fəaliyyət göstərməlidir. Xüsusilə musiqi məktəbləri, muzey və rəsm qalereyalarının ödənişli xidmətə keçirilməsinin vacibliyini vurğulayan idarə rəisi klub müəssisələrində də ödənişli kursların sayının artırılması, insanların maraqlarına cavab verən kursların təşkili, eyni zamanda folklor kollektivlərinin yaradılması, sənətkarlıq növlərinin araşdırılaraq haqqında məlumatların hazırlanması və bununla əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı ciddi tapşırıqlarını verib.

“Mədəniyyət müəssisələrinə gənc kadrlar cəlb olunmalıdır. Yeni düşüncəyə, yeni fikrə ehtiyacımız var. Yeni təkliflər verilməli, layihələr həyata keçirilməlidir” deyən idarə rəisi ehtiyat kadrların hazırlanmasının vacibliyini vurğulayıb, işinə ciddi yanaşmayan, məsuliyyətsizlik edən, nizam-intizam qaydalarını pozan işçilər haqqında müvafiq tədbirlərin görüləcəyini bildirib.

Mehman Şükürov həmçinin musiqi məktəblərində təhsil alan istedadlı uşaqların aşkara çıxarılması və onların bütün qabiliyyət və imkanlarının üzə çıxarılması ilə bağlı fikirlərini bildirib.

Daha sonra idarə rəisinin müavini İlham Əhmədov çıxış edərək musiqi məktəblərində tarifikasıya işlərinin aparılması, müəssisələrdə aparılan daxili nəzarətin nəticələri ilə bağlı məlumat verib.

Sonra müşavirə iştirakçıları Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər Diyarşünaslıq klubu tərəfindən Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılıblar. Tədbirdə klubun rəsm kursunun şagirdlərinin ifasında Pazl Art və digər rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub, gənc solistlərin ifasında Azərbaycana həsr olunmuş mahnılar dinlənilib, “Saz” qrupunun çıxışı, “Odlar yurdu” rəqs qrupunun ifasında rəqs nömrələri izlənilib. İstedadlı uşaqlar Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar.

Tədbirin sonunda idarə rəisi Mehman Şükürov çıxış edərək tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib, təşkilatçılara bayram tədbirinə görə təşəkkürünü bildirib, uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə