Azərbaycanda İSME 2018-33-cü Ümumdünya Konfransı keçirilir FOTOLAR

2018-ci il 15-20 iyul tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türksoy və Türk Dünyası Müzik Eğitimi-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilən İSME (İnternational Society for Music Education) 2018 – 33-cü Ümumdünya Konfransının ev sahiblərindən biri də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır. SİA-nın məlumatına görə, konfrans çərçivəsində Heydər Əliyev Sarayında, “Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında (AMK) müxtəlif tədbirlər təşkil olunur. Konfransda musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssis iştirak edir.

İyulun 15-də BMA-nın nəzdində yerləşən Opera Studiyasının Böyük zalında İSME 2018 Konfrasının açılış mərasimi ilə əlaqədar konsert proqramı keçirilib. Konsertdə “The Listeners”, “Kaboom Percussion”, “Ann Singer Concert” adlı performanslar dinləyicilərə təqdim olunub.

İyulun 16-də konfrans çərçivəsində BMA-da elmi müzakirələr aparılıb. Konfrans bir çox elm insanlarını birləşdirərək bu dövlətlərin mədəniyyətinin bağlılığı haqqında fikirləri işıqlandırıb. Konfransda musiqişünasların, musiqinin tədrisi üzrə mütəxəsislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin iştirakı və məruzə ilə çıxışı əks olunub. Konfransda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını təmsil edən professor-müəllim heyəti müxtəlif mövzularda çıxış ediblər.

Eyni zamanda “From China to Baku”adlı konsert proqramında Vivian Fang Liu ifasında C.Hacıyevin “Skertso”, “Ballada” və “Sonata”sı səslənib.

Həmçinin C.Hacıyevin qızı, Floridanın Texnologiya Universitetinin professoru Pərvin Muradova Bakı Musiqi Akademiyasının qonağı olaraq İSME 2018 Konfrasında iştirak edib və fikirlərini bildirib: "Mən neçə illərdən sonra öz doğma vətənimə və təhsil aldığım Bakı Musiqi Akademiyasına qayıtdığıma çox şadam. Mənə atamın əsərlərinin bu konfransda səsləndirilməsini təklif edəndə çox sevindim və onun əsərlərinin bu konfransda səslənməsindən böyük məmnunluq hissi duyuram. Təhsil aldığım Bakı Musiqi Akademiyasının ifaçılıq ənənələrini, mədəniyyətimizi hər zaman yaşadığım xarici ölkədə qorumağa və davam etdirməyə çalışıram”.

Qeyd edək ki, İSME 2018 Konfransı ərəfəsində Bakı Musiqi Akademiyasının müxtəlif zallarında müzakirələr və konsert proqramı keçiriləcəkdir. Konsert proqramlarında Bakı Musiqi Akademiyasının tələbələri könüllü olaraq iştirak edirlər.

Konfrans saat 09:00-da başlayaraq (fasilə 13:00) və saat 18:00-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə