“Məhəmməd: Allahın elçisi” filminin nümayişi olacaq

28 iyun saat 17:00-da Nizami Kino Mərkəzində dünyaca tanınmış İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” bədii filminin nümayişi keçiriləcək. SİA-nın məlumatına görə, dünyanın onlarla ölkəsində böyük maraqla qarşılanan ekran əsəri İran kino tarixinin ən böyük büdcəli filmi hesab edilir.

İran İslam Respublikasının Azərbaycan Respublikasında Mədəniyyət Günləri çərçivəsində təşkil olunacaq tədbirdə filmin rejissoru Məcid Məcidi də iştirak edəcək.

Qeyd edək ki, M.Məcidi 1959-cu ildə Tehranda anadan olmuş və Dramatik Sənətlər İnstitutunda təhsil alıb.

Dünyanın çoxlu sayda film festivallarında onlarla mükafata layiq görülmüş, İran yeni kino dalğasının yaradıcılarından hesab edilən Məcidi “Ata”, “Yağış”, “Sərçələrin nəğməsi”, “Cənnətin uşaqları”, “Tanrının rəngi”, “Söyüd ağacı” və s. kimi insan həyatının və yaşantılarının ən dərin laylarına baş vuran bədii filmlərində bütün cizgiləri və koloriti ilə birgə iran insanının portiretini yaradıb. Onun “Ata”, “Cənnətin uşaqları”, “Tanrının rəngi” kimi əksər filmlərinin qəhrəmanları uşaqlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə