Qara Qarayevə həsr olunmuş bilik yarışı keçirilib FOTOLAR

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə Mingəçevir Turizm Kollecində keçirilən tədbirlər sırasına daha biri əlavə olunub. SİA-nın məlumatına görə, “Qara Qarayevin incəsənətimizdə qoyduğu iz” adlı intellektual yarış keçirildi.

Yarış kollecin fənn müəllimləri Eldar Dərişov, Elnarə İsmayılova və kollecin tələbə - gənclər təşkilatının fəallarının təşəbbüsü ilə təşkil edilmişdir. Bilik mübarizəsində ayrı-ayrı ixtisas qruplarının tələbələrindən ibarət 6 komanda iştirak edib. Eyni zamanda yarışa əyani şöbələrin tələbələri ilə yanaşı qiyabiçi tələbələrdən təşkil olunmuş komandalar da qoşulub.

Müəyyən edilmiş qaydalara uyğun olaraq intellektual yarış üç mərhələyə bölünüb. Hər mərhələdə komandalara Qara Qarayevin həyat və yaradıcılığı mövzusunda 10 sual ünvanlanıb. Yarışın tamaşaçıları komandalar arasında bərabər və gərgin mübarizə aparılmasının şahidi olublar. İştirakçıların nümayiş etdirdiyi biliklər tələbə gənclərin Azərbaycan musiqi sənəti, xüsusilə də görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığı haqqında kifayət qədər məlumatlı olduğunu göstərib. Münsiflər heyəti komandaların fəallığını cavablardakı dəqiqlik və dolğunluğu nəzərə alaraq müvafiq ballarla qiymətləndirib.

Qeyd edək ki, komandaların dəstək qrupları da öz yoldaşlarını sonadək dəstəkləyir və onları uğura həvəsləndirib. Üç mərhələdən ibarət yarışın nəticəsinə görə “Real” komandası qalib adına layiq görülüb. Qalib komandaların üzvlərinin fəxri fərmanla təltif olunması nəzərdə tutulub. Mükafatların təqdimatı görkəmli bəstəkarın 100 illik yubileyinə həsr olunmuş yekun tədbirdə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə