BUT 2018-ci ilin ilk tamaşasını təqdim edib

Bakı Uşaq Teatrı (BUT) balaca tamaşaçıları ilə “YARAT” Müasir İncəsənət Mərkəzində görüşüb. SİA-nın məlumatına görə, balacalar sənət ocağının builki ilk tamaşası olan “Fidan və Qoğal”ı Azərbaycan dilində izləyiblər.

Teatrın rəhbəri İntiqam Soltanın quruluşunda təqdim edilən 50 dəqiqəlik tamaşa 5-9 yaşlı uşaqlar üçün nəzərdə tutulur. Tamaşanın məzmunu belədir: Dəcəl Fidan nənəsinin ona bişirdiyi Qoğalın başına gələn əhvalatları izləyir. Fidan və dostları – Nazbalıncla Yorğan evdən qaçmış Qoğalın arxasınca meşəyə üz tuturlar. Meşədə şahidi olduğu hadisələrdən sonra bir sıra mətləbləri anlayan Fidanın timsalında tamaşaçılara nəsihətamiz fikirlər aşılanır.

Aktyorların məharətli çıxışları, zəngin səhnə dekorasiyası tamaşanı daha da baxımlı edib, əsər maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə