Dekabrın 17-də Bakıda, Opera Studiyası nəzdindəki konsert zalında Azərbaycan Şən və Hazırcavablar Klubu Liqasının finalı olacaq. Final mərhələsində mövsümün ən yaxşı komandası müəyyən olunacaq. SİA-nın məlumatına görə, Azərbaycan ŞHK Liqasının direktoru Cavid Şahbazbəyov mövsümün yekun oyununu anons edərək bildirib ki, gecə bol yumor və gözəl ovqat bəxş edəcək. O deyib: “Bu, cari ildə ölkəmizdə ən gülməli şou olacaq. Bəzən bizi tənqid edərək deyirlər ki, guya biz Azərbaycan tamaşaçısını güldürə bilmirik. Tənqid öz yerində, amma “Bakı yığması”nın müəllif və aktyorları ölkənin bütün yumoristik layihələrinə cəlb olunublar. Kadr axını bizi narahat etmir. Bu, sağlam rəqabətdir, amma bir çoxlarından fərqli olaraq, bizim üçün maddiyyat təbliğatdan üstün deyildir. ŞHK-nın əsas məqsədi müasir və şıq azərbaycanlı obrazını Rusiya televiziyasında təbliğ etməkdir”.

Qeyd edək ki, finalda ən yaxşı yerli komandalarla bərabər, xarici kollektivlər də iştirak edəcək. Oyunun aparıcısı Şən və Hazırcavablar Klubunun Ali Liqasında təmsil olunan “Bakı yığması“ komandasının “qızıl səsi” Tamerlan Nağıyev olacaq.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə