“Muzeylərdə tekstil kolleksiyaları” dəyirmi masa

Azərbaycan Xalça Muzeyində “Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa təşkil olunub. Tədbir Azərbaycan Xalça Muzeyinin yaranmasının 50, görkəmli xalçaçı-rəssam Lətif Kərimovun 110 illiyinə həsr edilib.

Muzeyin direktoru Şirin Məlikova çıxış edərək son zamanlar rəhbəri olduğu qurumun gördüyü işlərdən, həyata keçirilən layihələrdən, Azərbaycan xalçalarının dünyada tanıdılması və təbliği istiqamətində atılan addımlardan söz açıb.

Muzeydə yer alan tarixi eksponatlardan danışan Ş.Məlikova son iki il ərzində muzeyə xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, habelə arxeoloji qazıntılar zamanı tapılan müxtəlif əşyaların daxil olduğunu deyib.

Vurğulanıb ki, eksponatlar içərisində satın alınmış və ya hədiyyə olaraq qəbul edilmiş əşyalara da yer alır.

Həm xarici, həm də ölkəmizin bölgələrindən mütəxəssisləri bir araya toplayan “dəyirmi masa”nın əhəmiyyətini qeyd edən Ş.Məlikova bildirib ki, tədbir çərçivəsində mühafizə, sərgiləmə, xalçaların, xalça məmulatlarının, milli geyim və parça nümunələrinin konservasiyası və bərpası kimi məsələlər müzakirə olunacaq.

Eyni zamanda, dünyanın tekstil muzeyləri, onların assosiasiyaları və icmaları arasında əlaqələrin qurulması, təcrübə və məlumat mübadiləsi, tekstil kolleksiyaları saxlanılan muzeylərdə elmi konfrans, sərgi, seminar, ustad dərs, festival və digər tədbirlərin keçirilməsi və Tekstil Muzeyləri Şəbəkəsinin (Textile Museums Network) yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edilib ki, tədbir çərçivəsində “Xəzinənin yeni inciləri” adlı sərginin açılışı da nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev çıxış edərək dövlət tərəfindən muzeylərə göstərilən diqqət və qayğıdan söz açıb. Son zamanlar ölkəmizdə muzey işinin inkişaf etdirilməsi ilə bağlı icra olunan layihələr haqqında məlumat verən natiq “dəyirmi masa”nın bu qəbildən olduğuna diqqət çəkib. Natiq tədbirin əhəmiyyətindən söz açaraq Xalça Muzeyində təşkil edilən tədbirlərin xalçaçılığın inkişafına dəyərli töhfə olduğunu söyləyib.

Sonra “dəyirmi masa” qeyd edilən mövzuların müzakirəsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə