Daşkənddə təqdimat keçirilib FOTOLAR

Artıq 4 ilə yaxındır ki, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kurs və dərnəklər fəaliyyət göstərir. SİA-nın məlumatına görə, mədəniyyətin müxtəlif sahələrinə aid bu kurs və dərnəklərdə Azərbaycan mədəniyyətini, incəsənətini, musiqi və rəqs sənətini təbliğ etməklə yanaşı, habelə Azərbaycan dilinin tədrisi geniş şəkildə həyata keçirilir.

Təqdimat mərasimində Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış təhsil, mədəniyyət xadimləri, fəxri qonaqlar, Daşkənddə fəaliyyət göstərən internat və orta məktəblərin müəllim və şagirdləri, jurnalistlər iştirak ediblər.

Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm və əl işləri dərnəyinin fəal şagirdlərinin əl işlərindən ibarət sərgi, habelə Mərkəzin foyesində dərnəklərin hazırladığı master klaslar iştirakçılara təqdim edilib.

Açılışda çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ötən illərdə Mərkəzdə yaradılan rəqs, rəsm, əl işləri, fortepiano, Azərbaycan dili və komputer kursları haqqında məlumat verərək, əsas məqsədlərinin Azərbaycanın zəngin mədəniyyətini, dilini təbliğ etmək, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, habelə yeni-yeni istedadları üzə çıxararaq onların fəaliyyətinə stimul vermək olduğunu bildirib.

O, Azərbaycanda və Özbəkistanda uşaq və yeniyetmələrə qayğı, ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə yeni – yeni uşaq – internat evlərinin, sağlamlıq və reabilitasiya mərkəzlərinin inşası barədə danışaraq, gələcəyimiz olan uşaqlara qayğı, onların bilikli, bacarıqlı və öz tarixlərinə, mədəniyyətlərinə dərindən yiyələnməsinin vacib olduğunu vurğulanıb.

Daşkənd şəhər İnternat məktəbləri üzrə koordinasiya Şurasının sədri Oybek Babacanov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, burada uşaq və yeniyetmələrin öz fəaliyyətlərini inkişaf etdirmək üçün bütün şəraitin olduğunu qeyd edib.

Daha sonra Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursunun təqdimatı başlandı, kurslarda iştirak edən uşaq və yeniyetmələr Azərbaycan dilində ölkəmizə aid şeirlər söyləyiblər.

Mərkəzin nəzdindəki komputer kurslarının fəal şagirdlərinin Azərbaycanın tarixi, mədəniyyəti, turizm resurslarına, habelə Qarabağın şəhərləri, abidələrinə dair xüsusi proqramla hazırladıqları slayd şou nümayiş etdirilib. Mərkəzdəki komputer kurslarında artıq dizayn və qrafika proqramları tədris olunur.

Qeyd edək ki, Mədəniyyət Mərkəzi kurslarda istifadə olunan tədris vəsaitləri və əyani vasitələrlə uşaq və yeniyetmələri təmin edir.

Artıq 5 ilə yaxındır ki, Mədəniyyət Mərkəzində rəqs dərnəyi fəaliyyət göstərir ki, dərnəkdə yüzlərlə azərbaycanlı, özbək və digər millətlərin uşaq və yeniyetmələri, Azərbaycan rəqs sənətinin sirlərini öyrənir. Artıq dərnəyin nəzdində “Azərbaycan qızları” və kişik yaşlı uşaqlardan ibarət “balaca fidanlar rəqs ansamblları fəaliyyət göstərir və onlar Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edirlər. Ansamblın bədii rəhbəri Azərbaycan və Özbəkistanın əməkdar artisti Kaykep Əliyevadır.

Qısa müddətdir ki, fəaliyyətə başlayan fortepiano dərnəyinin uşaqlarının çıxışı maraqla qarşılandı, bir sıra Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub.

Sonda kurs və dərnəklərdə xüsusi fəallıq göstərən müdavimlərə Mədəniyyət Mərkəzinin xüsusi sertifikatları verilib və yeni tədris ilində kurslara və dərnəklərə qəbulla bağlı prioritetlər elan olunub.

Təqdimat mərasiminin sonunda IDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli film iştirakçılara təqdim olunub. Azərbaycanın əsrarəngiz təbiət gözəlliyi, Göygöl Milli Parkı, Azərbaycan təbiətinin incisi olan Göygölün yaranması, buranın zəngin flora və faunası maraqla iştirakçıların böyük marağına səbəb olub. Layihənin təşəbbüskarı və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri
Leyla Əliyeva, filmin rejissoru İqor Bışnyovdur.

Tədbir çərçivəsində Daşkənddə fəaliyyət göstərən internat məktəblərin şagirdləri üçün Azərbaycan milli mətbəxinə dair yeməklərə qonaq ediliblər.

loading...