“Qız qalası” VII beynəlxalq incəsənət festivalı

Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “Qız qalası” incəsənət qalereyasınnın təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən sentyabr ayının 22-24 tarixlərində İçərişəhərdə “Qız qalası” VII beynəlxalq incəsənət festivalı keçiriləcək. SİA-nın məlumatına görə, 2010-cu ildə başlanan, 5 il Bakı şəhərində, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” Beynəlxalq incəsənət festivalı bu il yeddinci dəfə gerçəkləşdirilir. Festival ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunub.

Festivalda gənc azərbaycanlı rəssamlar Bəhruz Kəngərli, Cavid İlham, Orxan Qarayev, Rəşad Nuri, Vüsalı Ağarzayeva Qız qalasının maketlərini müxtəlif üslublarda bəzəyərək hər biri özünəməxsus və fərqli üslubda olan bu unikal müəllif işləri yaradacaq. Eyni zamanda gənc rəssamlar Xətai rayonu 3, Nizami rayonu 2, Suraxanı rayonu 1 nömrəli respublika xüsusi internat məktəbinin sakinləri, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin festivalda iştirak edən sağlamlıq imkanları məhdud uşaqlarına da Qız qalası maketini bəzəməyə kömək edəcəklər.

Sentyabrın 24-dək davam edəcək festivalın sonunda bənzərsiz sənət əsərlərinə çevrilən on Qız qalası maketi şəhərimizin müxtəlif yerlərində sərgilənərək Azərbaycan memarlığının incisi, beynəlxalq tarixi irsin ən möhtəşəm nümunələrindən biri olan və YUNESKO-nun “Dünya İrs Abidələri” siyahısına daxil edilmiş Qız qalasının təbliğinə töhfə verəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə