Yazılarımda tez-tez adını çəkib, deyimlərindən sitat gətirdiyim sadə peşə adamı, su cuvarı Şükür kişinin bir müdrik kəlamını da demək yerinə düşər. Rəhmətlik deyərdi ki, qeyrətini itirən adamdan nə pislik desən gözləmək olar, beləsinə heç vaxt etibar etməyin, yoldaşlıq eləsəniz də, ağacı əlinizdən yerə qoymayın, girəvə düşən kimi, o, ağacı sənin başına çırpar. Şükür kişinin bu dəyərli kəlamını adi həyatda çox sınamışam və başqa deyimləri kimi, bunda da quşu gözündən vurduğuna əmin olmuşam. Amma bir millətin oğlu (ən azı, sənədlərinə əsasən) olub, öz millətinə bu qədər qənim kəsilməyin şahidi olmamışdım. Ölmədik, bunu da gördük. Mövzuya girişim bir az uzun oldu. Amma içimdəki od məni elə yandırır ki, qorxuram mövzuya keçsəm, yanıb kül olam. Biz atasından (oxu: ölkəsinin başçısından) yadlara şikayət edənləri görmüşdük, oturub yadın evinin küncündə, onun qırıq-qurtuğu ilə qarnını doyurub, atasına şər- böhtan yağdıranlar görmüşdük, amma atasının qonaq getdiyi elit birinin qapısının ağzını kəsdirib, atasına hədyanlar söyləyənə rast gəlməmişdik. Biz, bir millət olaraq, tarix boyu çox bəşəri dəyərlərdə birinci olmuşuq, bəşəriyyətin inkişafına, bu baxımdan, töhfələr vermişik. Amma bəzən içimizdən elələri də çıxır ki, alçaldıcı, rəzilləşdirici əməlləri ilə də dünyada birinciliyə can atır və nə yazıqlar ki, buna nail olanlar da tapılır. Bunun da psixoloji baxımdan, başlıca səbəbi odur ki, hansısa bacarığı, qabiliyyəti ilə gündəmdə ola bilməyənlərin özünü cəmiyyətə sırımaq cəhdi tükənmir və heç bir şeyə nail ola bilmədikcə də, harınlaşır, qudurur və başlayır ətrafındakılara hürməyə. Ancaq daha bu qədər də yox! Bu gün bütün dünya Avropa ilə, Avropanın inkişaf eləmiş dövlətləri və birlikləri ilə sıcaq münasibətlər qurmağa can atır. Yəni Avropa elit bir diyardır və hər kəs bu elit diyarın sakinləri ilə yaxınlaşmaq, dost olmaq istəyir. Elə bizim şərəfini itirmiş bəzi siyasət gədələri də hər vəchlə Avropadan dəstək almağa çan atırlar. İndi gəlin tarixi vərəqləyək, görək, hansısa Avropa ölkəsində, hansısa zamanda həmin ölkənin başçısının nüfuzuna zərər vurmaq naminə, alçaqlığı ilə anoloqu olmayan belə bir addım atdığının kimsə şahidi olubmu? Axı dövlətin başçısı adi vətəndaş deyil, həm də dövlətin təmsilçisi, atributudur! Namusunu, qeyrətini hərraca qoyan üç-dörd nəfər meydana atılıb hədyanlar söyləməklə, ölkəsi haqqında Avropada hansı fikirləri formalaşdırmaq istəyirlər? Ermən lobbisinin və ermənipərəst qüvvələrin bu millətə qarşı yönəldilmiş hər cür iyrənc kampaniyalarının düşmən əməli olduğunu anlayır və adi hal kimi qəbul edirik. Bəs sapı özümüzdən (yəni içimizdəki zatsızlardan) olan bu gədə-güdəni necə adlandıraq? Düşmən? Axı biz yer üzərində ancaq ermənini düşmən kimi tanıyır və fəaliyyətimizi də bu isiqamətdə qururuq! Belədə, bunları da düşmən adlandırsaq, deməli, həm də erməni olduqlarını təsdiqləmiş oluruq. Olsun! Amma erməni qanlılar bizim açıq düşmənimizdirsə, belələri daha təhlükəlidir. Çünki yenə Şükür kişi demiş, düşmən olduğunu bildiyin düşməndən qorxma, sənə dost deyib yanında gəzən düşməndən qorx. Kim nə deyir-desin, bu gədələrin indiki rəzilliklərinin nə demokratiya ilə, nə azad sözlə, nə də insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Bunun bircə adı var: namus, qeyrət və şərəf tökümü. Əgər nəzərə alsaq ki, bizim ölkə başçısının analoqu olmayan uğurlu inkişaf konsepsiyasından rahatlığı pozulan düşmənlərimizlə birgə bu addımlar atılır, o zaman həmin sözlərin qarşısında milli sözünü də əlavə etməyə ehiyac var. Milli qeyrəti, milli namusu, milli şərəfi olmayanlardan isə, bundan artığını gözləməyinə dəyməz. Ən azı, belələrinə ictimai qınaq o səviyyədə olmalıdır ki, onları dünyaya gətirənlərin də, haram süd əmizdirib, haram tikə yedirdənin də xəcalət çəkmələrinə (əlbəttə, utanan sifətləri varsa) nail olaq. Həyatdan köçənlərin isə gorlarının cadar-cadar olması göstərir ki, daha kimsə əkib-törətdiyinin belə rəzilləşməsinə imkan verməsin. Xülasə, nə yaxşı ki, Avropada da, hər yerdə olduğu kimi, namuslularımız, qeyrətlilərimiz və şərəflilərimiz daha çoxdur, özü də qat-qat çoxdur. Təsəllimiz də həmin milli ləyaqət daşıyıcılarının onlara elə avropanın içində verdikləri təpkidir. Rəzillərin rəzilliklərini Avropanın içindəcə ifşa edən həmvətənlərimiz, ölkə başçısına verdikləri dəstəklə milli qürurumuzu müdafiə etmiş oldular. Düşmən də anladı ki, millətin şərəf daşıyıcıları şərəfini itirmişlərdən min dəfə, milyon dəfə çoxdur. Onlar pulla nə qədər şərəfsizləri satın alsalar da, şərəfini pula, meşşan həyata qurban verməyənlərin ağızdan ifraz olunan suyunda boğulacaqlar...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...