Partiya sədrləri arasında yeni qarşıdurmanın əsası qoyulur

Dağıdıcı müxalifət cinahında baş verən qarşıdurmalar və çəkişmələr fonunda diqqət çəkən əsas mövzulardan biri də müxalif başbilənlərinin bir-birini ittiham etməsi, birinin digərini satqınlıqda və xəyanətdə günahlandırmasıdır. Vəziyyətin yenidən gərginləşməsi, onu deməyə əsas verir ki, növbəti mərhələdə müxalif partiyaların parçalanması qaçılmazdır. Maraqlıdır ki, əsasən, AXCP-Müsavat yetkililəri arasında yenidən münasibətlərin gərginləşməsindən öz məqsədləri üçün istifadə edib, önə çıxmamağı planlaşdıran partiya sədrləri üzə çıxmağa başlayıb. Yəni kölgədə olan partiyalar müxtəlif ideya və təkliflərlə gündəmə gəlməyə, ən azı, mətbuatın diqqət mərkəzinə çevrilməyə çalışırlar. Bu səbəbdən də, müxalifətin texnoloqlarından olan AXP sədri Pənah Hüseyn müxalifəti yenidən birləşməyə, bir olmağa çağıran ideyalarla çıxış edib. Artıq KAXCP sədri Mirmahmud Mirəlioğlu, "Ümid" sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, "VİP" sədri Əli Əliyev P.Hüseynin təklifinə, könülsüz də olsa, razılıqlarını bildiriblər. Artıq S.Cəlaloğlu ilə Ə.Əliyev bir araya gələrək, ADP-"VİP" birliyinin yarandığını elan ediblər. Amma maraqlı məqam "birləşmə" məsələsində P.Hüseynin qeyri-səmimi olduğu bu vəziyyətdə görünür. Çünki müxalifətin birləşməsi təklifi ilə çıxış edən P.Hüseyn niyə özü ADP-"VİP" birliyinə qoşulmaqla daxili stereotipləri dağıtmağa meyil göstərməyib? Yoxsa S.Cəlaloğlu və ya Ə.Əliyevlə yol getməyi özünə sığışdırmır? Və yaxud bir zaman "Qarabağ" blokunda S.Cəlaloğlu ilə eyni maraqları bölüşmüş İ.Ağazadə niyə ADP -"VİP" birliyini "çürümüş kötük, uğusuz partiya sədrlərinin mənasız birliyi" adlandırıb? İ.Ağazadənin ittihamı, onu deməyə əsas verir ki, o, bacarığından daha böyük iddialara düşüb. Çünki İ.Ağazadə müəyyən dövr dağıdıcı müxalifət düşərgəsində özlərini "ana müxalifət" kimi təqdim edən qüvvələrin kurasiyasında çalışmaqla, gələcəkdə ona "böyük ümidlər" də veriblər.

Qarşılıqlı ittihamlar düşərgədaxili böhranlı durumu daha da gərginləşdirir

Real fakt ondan ibarətdir ki, istər özlərini böyük adlandıran, istərsə də meydana çıxıb, mövqe əldə etməyə ümid bəsləyən müxalif ünsürlər heç zaman arzularında olduqları iddialarını reallaşdıra bilməyəcəklər. Çünki ideya və təkliflər fərqli olsa da, müxalif ünsürlər eyni şəxslərdir. Bu baxımdan, ilk baxışdan diqqəti cəlb edən ideyalar köhnə təfəkkürlü müxalif şəxslər tərəfindən irəli sürüldüyündən, onun uğur qazanması da mümkünsüz olur. Misal olaraq, "DUH", "DUB", "SİDSUH", "Azadlıq" siyasi bloklarının yaranmalarından az sonra parçalanaraq, tarixin arxivinə göndərilmələrini göstərmək olar. Digər tərəfdən, dağıdıcı müxalifətin cəmiyyət tərəfindən qəbul edilməməsinin konkret səbəbləri də var. Başlıcası hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəklərini vəd etmələri, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olmaları, məram və məqsədlərini anlamayan bir neçə gənci təxribatlar törətməyə təhrik etmələri və bu kimi səbəblərlə əlaqləndirmək olar. Qərb dövlətlərinin Bakıdakı səfirliklərində keçirdikləri görüşlər və Azərbaycanın maraqlarının satılmasına cəhdlərin göstərilməsi, dağıdıcı müxalifətin xalqın gözündən düşməsinin başlıca səbəbləri sırasına aid etmək olar. Mövcud faktlara baxmayaraq, fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran dağıdıcı müxalifət Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmir. Bu da dağıdıcı müxalifətin çirkin və yaramaz siyasətinin dəyişməsinin mümkün olmadığını göstərir. Bu cür müxalifət məhvə məhkumdur, necə ki, bunun artıq bütün elementləri açıq şəkildə görünməkdədir. Yəni müxalif partiyalar parçalanma mərhələsini başa vurub, məhvolma dövrünə adlayıblar. Yəqin ki, yaxın günlərdə hansısa müxalifət partiyasının fəaliyyətini dayandırdığını və ya başqa partiyaya transfer olunması barədə mətbuatda bəyanata rast gələcəyik.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə