Ruslar Qeneçeski Xerson vilayətinin müvəqqəti paytaxtı elan edib

Ruslar Qeneçeski Xerson vilayətinin müvəqqəti paytaxtı elan edib

Rusiya qoşunları Xersondan çıxarıldıqdan sonra Qeneçesk müvəqqəti olaraq ilhaq edilmiş Xerson vilayətinin inzibati paytaxtı olacaq.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya tərəfindən təyin olunmuş hökumət sədrinin müavininin mətbuat katibi Aleksandr Fomin məlumat verib.

Onun dediyinə görə, bu gün Xerson vilayətinin müvəqqəti inzibati paytaxtı Qeneçeskdir. Yəni bütün əsas səlahiyyətlər orada cəmləşib.

Qeyd edək ki, Qeneçesk kurort və liman şəhəri Xerson vilayətinin cənubunda Azov dənizinin sahilində yerləşir. Münaqişəyə qədər 18 min əhalisi olan şəhər fevralın 24-də, Ukraynanın işğalının ilk günündə rus qoşunları tərəfindən işğal edilib.

Xatırladaq ki, noyabrın 11-də Rusiya Müdafiə Nazirliyi rus qoşunlarının Xersondan Dnepr çayının sol sahilinə çəkildiyini elan edib. Ruslar şəhərdən çıxarkən Dnepr üzərindən keçən körpüləri də partladıblar.

Amma buna baxmayaraq, elə həmin gün Ukrayna əsgərləri Xersona daxil oldular.

Verilən məlumatlara görə, yüzlərlə şəhər sakinləri ukraynalı hərbçilərini qarşılamaq üçün Ukrayna bayraqları ilə küçələrə çıxıb. Mərkəzi meydanın üzərində Ukrayna bayrağı qaldırılıb.

Onu da xatırladaq ki, hələ oyabrın 8-də Xerson vilayətinin Rusiya administrasiyası anbarlardakı məktəb dərsliklərinin Xersondan Qeneçeskə aparıldığını bəyan etmişdi. Deyilənlərə görə, şəhərdəki rus və sovet abidələri, hətta orada dincələn knyaz Qriqori Potemkin-Tavriçeskinin qalıqları da şəhərdən çıxarılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə