Paşinyanın Bakıya etdiyi kommunikasiya təklifinin təfərrüatları

Paşinyanın Bakıya etdiyi kommunikasiya təklifinin təfərrüatları

Nikol Paşinyan, gələcəkdə Ermənistan və Azərbaycan əraziləri ilə nəqliyyat əlaqələrinin təşkili üçün bir neçə variantın olduğunu bəyan edib.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, baş nazir Nikol Paşinyan nəqliyyat kommunikasiyalarının təşkili ilə bağlı Azərbaycana yeni təklif təqdim etməyə hazır olması barədə danışarkən nəyi nəzərdə tutduğunu açıqlayıb. Qeyd edək ki, Paşinyan bu təklifi cümə axşamı hökumətin iclasında açıqlayıb.

Ermənistanın İctimai Televiziyasına müsahibəsində hökumət başçısı, gec-tez ermənilərlə azərbaycanlılar arasında birbaşa təmasların zərurətə çevrilə biləcəyini bildirib. Onun sözlərinə görə, müzakirələr onunla başlayıb ki, rabitə məsələsinin müzakirəsi zamanı Azərbaycan tərəfi bildirib ki, onların vətəndaşları sərhədi keçərkən Ermənistan gömrükçüləri ilə birbaşa əlaqə saxlamaq istəməyə bilər, eyni şey Ermənistan vətəndaşlarına da aiddir.

Daha sonra erməni tərəfi gömrük prosedurlarının təşkilinə üçüncü şəxslərin operator kimi cəlb edilməsini təklif edib. Təklif Bakıya 2021-ci ilin dekabrında təqdim edilib və bu təklif paketinin yenilənmiş, bir qədər də sadələşdirilmiş variantı tezliklə əlçatan olacaq.

Lakin ümumilikdə baş nazir hesab edir ki, tərəflər sülh və qonşuluqdan danışırsa, o zaman ermənilərlə azərbaycanlılar arasında birbaşa ünsiyyət qaçılmazdır.

“Hesab edirəm ki, biz sonda ən sadə varianta qayıtmalıyıq – Azərbaycan sərhədində Azərbaycan gömrükçüləri, Ermənistan sərhədində isə Ermənistan gömrükçüləri var. Əgər operator seçimi onlara uyğun gəlmirsə, o zaman birbaşa əlaqə ən yaxşısıdır”.

Qeyd edək ki, bir müddət bundan əvvəl baş nazir Rusiya və Türkiyə sərhədçilərinin operator ola biləcəyini də söyləmişdi.

O Ermənistanın istənilən halda beynəlxalq strukturların himayəsi altında iki ölkənin gömrükçüləri üçün xüsusi kursların təşkilinə qədər istənilən variantı müzakirə etməyə hazır olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə