Ukrayna sərhədlərini hasarlayır?

Ukrayna sərhədlərini hasarlayır?

Ukrayna Volın vilayətində Belarusla sərhəddə 3 km-ə yaxın dəmir-beton hasar çəkib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri cümə günü Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko verib.

“Ukraynanın şimalında, Belarusla sərhəddə divar çəkirlər. Xəndək, bənd, tikanlı məftilli dəmir-beton hasar Volında tikilən mühəndis maneələridir. Beləliklə, sərhədin təxminən 3 km-i artıq tikilib və təchiz olunub, lakin iş hələ də davam edir. Bu, hamısı deyil, lakin təfərrüatları açıqlamayacağıq”.

Qeyd edək ki, Timoşenko bunu Telegram kanalında yazıb.

Onun sözlərinə görə, analoji işlər Jitomir və Rivne vilayətlərində də aparılır. “Onlar Rusiya ərazisi ilə həmsərhəd rayonlarda da istehkamlar tikir və sərhədi təchiz edirlər”, - o əlavə edib.

Qeyd edək ki, oktyabrın 28-də Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko, Ukrayna tərəfinin Belarusla sərhəddə ərazinin mühəndis infrastrukturunu, müdafiə mövqelərini və minalardan təmizlənməsini gücləndirdiklərini bəyan edib.

Qeyd edək ki, Ukrayna sərhədlərində “divar” tikmək ideyası yeni deyil. 2014-cü ildə Ukraynanın o zamankı baş naziri olan Arseni Yatsenyuk divar layihəsinin təşəbbüsü ilə çıxış edərək, onu Rusiya ilə sərhəddə 2 min kilometr uzunluğunda istehkam xətti kimi təqdim etdi. İşlərin altı aya başa çatdırılması planlaşdırılırdı, lakin müddətlər əvvəlcə 2018-ci ilə, sonra 2021-ci ilə, daha sonra isə 2025-ci ilə qədər uzadıldı.

2016-cı ilin martında Ukrayna Milli Antikorrupsiya Bürosunun müstəntiqləri “Divar” layihəsinin həyata keçirilməsi zamanı 16,7 milyon qrivnanın (təxminən 623 min dollar) oğurlanması ilə bağlı cinayət işi açıblar. Qeyd edək ki, bununla bağlı 2017-ci ildə səkkiz nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2015-ci ildən 2021-ci ilə qədər Ukraynanın dövlət büdcəsindən divarın tikintisinə 2,437 milyard qrivna (86 milyon dollar) xərclənib. Layihənin icrası zamanı 2021-ci ilin may ayına olan məlumata görə, 403 km tank əleyhinə arxlar, 99 km metal hasarlar və 62 km Egoza spiral maneəsi təchiz edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə