Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti bu ilin üçüncü rübündə xaricə gedən rusiyalıların sayının 9,7 milyon nəfər təşkil etdiyini göstərən statistik məlumatları dərc edib ki, bu da ikinci rüblə müqayisədə təxminən iki dəfə çoxdur. Qazaxıstan və Ermənistan kimi qonşu ölkələr, eləcə də qismən tanınan Abxaziya rusların giriş sayına görə beş illik rekordu qırıb.
Maraqlıdır ki, 2022-ci ildə “Rosstat” (Federal Dövlət Statistika Xidməti) müasir Rusiya tarixində ilk dəfə mənfi miqrasiya qeydə alıb, yəni gələnlərdən daha çox insan ölkəni tərk edib.
SİA-nın elə rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanı tərk edən ruslar çox vaxt pul və bizneslərini də özləri ilə aparırlar. Ekspertlər hesab edir ki, Rusiya özünün ən məhsuldar yaşında olan insanları, kapitalını və vergi bazasını itirir. Əvəzində isə, rusların “pənah apardıqları” ölkələrin iqtisadiyyatları qazanır.
Təsəvvür edin ki, Ukraynadakı müharibə Qazaxıstan iqtisadiyyatının inkişafı üçün güclü təkan olub.
Qeyd edək ki, hələ oktyabrın 19-da prezident Kasım-Jomart Tokayev, dünənə qədər Rusiyada fəaliyyət göstərən 50-dən çox beynəlxalq şirkətin Qazaxıstana köçdüyünü bəyan edib.
Hətta elektron idarəetmə və avtomatlaşdırma sistemləri istehsal edən Amerikanın “Honeywell” korporasiyası da öz ofisini Almatıya köçürən ilk şirkət olub.
Yeri gəlmişkən, bu yaxınlarda Qazaxıstanın baş naziri Əlixan Smailov, daha 300-ə yaxın qlobal şirkət istehsal və ofislərini Rusiyadan Qazaxıstana köçürmək imkanını nəzərdən keçirdiyini bildirib. Və, deyilənlərə görə, onlardan 56-sı artıq belə bir qərar qəbul edib.
Onu da qeyd edək ki, Rusiyadan kütləvi mühacirət miskin Ermənistanın iqtisadiyyatına da faydalı təsir göstərməkdədir. Qeyd edildiyinə görə, ilkin olaraq Ermənistanın bu il üçün artım proqnozu ÜDM-in 7 faizi idi. Lakin Ukraynada müharibə başlayandan sonra Rusiya iqtisadiyyatı ilə sıx bağlılıq səbəbindən proqnoz 5 faizdən 1,6 faizə endirilib.
Bu arada erməni saytlarının məlumatına görə, payızın əvvəlinə qədər 100 minə yaxın rusiyalı Ermənistana gəlib. Maraqlıdır ki, sentyabra qədər Ermənistanda Rusiya kapitallı 300 iri şirkət və 2500 kiçik müəssisə qeydiyyatdan keçib.
Necə deyərlər, at ölüb, itlərin bayramıdır.
Onu da qeyd edək ki, Ukraynadakı müharibə təkcə Ermənistanı deyil, Gürcüstanı da iqtisadi artımın “liderinə çevirməkdədir”. Belə ki, Beynəlxalq Valyuta Fondunun oktyabrın 11-də dərc olunmuş proqnozuna əsasən, 2022-ci ildə Gürcüstanda ÜDM-in artımı 8,8 faiz təşkil edəcək. Bu isə Avropa və Mərkəzi Asiya regionunda ən yüksək göstəricidir.
Bildirək ki, bunu Gürcüstan hökumətinin mətbuat xidməti bildirib.
Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın Ukraynada başlatdığı müharibədən əsas faydalananlardan biri də qardaş Türkiyədir.
Xatırladaq ki, Türkiyə yeganə NATO ölkəsidir ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib, əksinə, onunla əməkdaşlığa daha da yaxınlaşıb. Belə ki, sanksiyalar fonunda iyun ayında Türkiyədən Rusiyaya mal ixracı illik ifadədə 46 faiz artaraq 791 milyon dollara çatıb ki, bu da 2010-cu ildən bəri ən yüksək göstəricidir. Üstəlik, nəinki ənənəvi meyvə tədarükü, həm də onlar üçün müxtəlif maşın və komponentlərin idxalı da artıb. Belə ki, ilin sonuna qədər iki ölkə arasında ticarət dövriyyəsinin 60 milyard dolları ötəcəyi gözlənilir.
Bu gün hava nəqliyyatından Türkiyə daha da çox faydalanır: Türk hava yolları Rusiyaya uçuşlarını davam etdirir və İstanbul hər iki ölkəyə səyahət edən ruslar üçün əsas transfer mərkəzinə çevrilib.
Qeyd edək ki, bir il əvvəl lirənin rekord dərəcədə çökməsindən sonra, bu gün artıq Türkiyə iqtisadiyyatı yenidən böyüyür. Belə ki, Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2022-ci ilin ikinci rübündə ölkə iqtisadiyyatı 7,6 faiz artaraq ekspertlərin gözləntilərini üstələyib. Bu sürətlənmə isə ölkə iqtisadiyyatını G20-də ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB