Makron tərəfləri danışıqlar üçün radikal şərtlər qoymamağa çağırıb

Makron tərəfləri danışıqlar üçün radikal şərtlər qoymamağa çağırıb

Bu arada Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini bəyan edib. Və o, Kiyev və Moskvanı radikal ilkin şərtlər qoymamağa çağırıb.

Bununla yanaşı Fransa prezidenti bunun hansı şərtlərlə və necə baş verəcəyinə məhz Ukraynanın qərar verəcəyini də dilə gətirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Makron bunu Misirdə BMT-nin 27-ci iqlim konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Əvvəla qeyd edək ki, Rusiya işğalı başlayandan bəri Emmanuel Makron dəfələrlə Ukraynaya dəstəyini ifadə edib. Eyni zamanda o, danışıqlar masasına qayıtmağın həm Ukraynanın, həm də Rusiyanın maraqlarına uyğun olduğunu vurğulayıb.

Xatırladaq ki, oktyabrın sonlarında Makron Vatikanda Roma Papası Fransiskdən Rusiya prezidenti Vladimir Putinə, Moskva patriarxı Kirillə və ABŞ prezidenti Cozef Baydenə zəng edərək Ukraynadakı müharibəni dayandırmağa cəhd etməyi xahiş etmişdi.

Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl “The Washington Post” nəşri Birləşmiş Ştatların Ukrayna prezidenti Vladimir Zelenskidən sülh axtarışlarına hazır olduğunu açıq şəkildə ifadə etməyi xahiş edib.

Maraqlıdır ki, nəşr Ağ Evin guya Ukraynanı danışıqlara sövq etmədiyini bildirir. Qəzet yazır ki, məqsəd Ukraynaya vətəndaşları gələcək illərdə müharibə ehtimalından qorxa biləcək ölkələrdə dəstək verməkdir.

Gəl, indi bunların işindən baş aç.

Qeyd edək ki,dünən SİA-nın da yazdığı kimi, Ukrayna prezidenti aparatı rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın heç vaxt Rusiya ilə danışıqlardan imtina etmədiyini bəyan edib. Və danışıqların ilk şərti kimi, Rusiyanı öz qoşunlarını Ukrayna ərazisindən çıxarmasını tələb edib.

Təbii ki, Ukrayna tərəfi Putinin bu addımı atmayacağına əmindir və ona görə də, Podolyak danışıqların Rusiyanın növbəti lideri ilə olacağını bildirib.

Kreml Ukrayna ilə danışıqlara açıq olduğunu israr etməkdə davam edir, lakin Kiyevin özünün dialoqdan imtina etməsi səbəbindən indi onlar üçün fürsət görmürlər.

Yeri gəlmişkən, ötən gün İtaliyanın “La Repubblica” qəzeti NATO-dakı mənbələrə istinadən Ukraynanın Xerson üzərindəki nəzarəti bərpa etdikdən sonra danışıqlara başlaya biləcəyi barədə yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə