İrandakı aksiyalarda həyatını itirənlərin sayı 304 nəfərə çatıb

İrandakı aksiyalarda həyatını itirənlərin sayı 304 nəfərə çatıb

İranda Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 304-ə yüksəldiyi açıqlanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Norveçdə yerləşən İran İnsan Hüquqları Qurumunun (IHR) internet səhifəsində yayımlanan hesabatda İranda təxminən 50 gündür davam edən nümayişlərlə bağlı məlumat verilib.
Hesabatda ən çox insan itkisinin Sistan-Bəlucistan, Mazenderan, Tehran, Kürdüstan və Gilan əyalətlərində qeydə alındığı bildirilib.
Hesabatda Sistan-Bəlucistan əyalətində 118, Mazenderanda 33, Tehranda 30, Kürdüstanda 26, Gilanda 22, Qərbi Azərbaycanda 21, Kirmanşahda 13, Elborzda 4, Xorasan-ı Rezevidə 4, İsfahanda 4, Zəncanda 4, Loristanda 2, Qəzvində 2, Şərqi Azərbaycanda 2, Ərdəbildə 2, İylamda 2, Xuzistanda 2, Həmədanda 2, Buşehrdə 1 və Simnanda 1 nümayişçinin öldüyü, ölənlərin ümumi sayının 304-ə yüksəldiyi qeyd edildi.
Hesabatda həyatını itirən nümayişçilərdən 41-nin 18 yaşdan kiçik, 24-nün isə qadın olduğu bildirilib.
İran İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) yaydığı xəbərdə Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə 38 mühafizəçinin həyatını itirdiyi vurğulanıb.
Sentyabrın 13-də paytaxt Tehranda İrşad patrul xidməti tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Onun ölümü etirazlara səbəb olub.
Nümayişlər zamanı 10 mindən çox adamın saxlanıldığı irəli sürülür.

Bütün xəbərlər Facebook səhifəmizdə