"Burada Qərb dövlətlərinin də öz maraqları var"

"Burada Qərb dövlətlərinin də öz maraqları var"

Postsovet məkanında münaqişələr haqqında kitabın müəllifi, britaniyalı politoloq Mark Qaleotti “Bloomberg” agentliyinə müsahibəsində Qərb ölkələrinin Ukrayna münaqişəsində rolundan danışıb. SİA bu barədə rus saytlarına istinad edir.

Rusiya prezidenti Vladimir Putinin psixologiyanı yaxşı bildiyini deyən Qaleotti, onun Rusiya Silahlı Qüvvələrinin iştirak etdiyi hərbi əməliyyatları planlaşdırarkən, habelə vəzifəli şəxsləri və hərbi rəhbərləri təyin edərkən insan təbiəti haqqında anlayışını tətbiq etdiyini də bildirib.

Maraqlıdır ki, britaniyalı politoloq nümunə üçün Rusiya qoşun qruplaşmasının komandiri Sergey Surovikinin Putin tərəfindən təyinatını göstərib.

Ekspertin fikrincə, Surovikin “çox qəddar taktikalardan istifadə etməyə hazırdır, lakin konkret məqsədlə – təkcə qəddarlıqdan həzz almaq üçün deyil, həm də hərbi strategiyanın tərkib hissəsi olduğu üçün”.

Qaleotti qeyd edib ki, Ukraynadakı qarşıdurmada zəif halqa Qərbdir. Onun fikrincə, əgər Qərb ölkələri öz iradəsini, qabiliyyətini və birliyini itirsə, Kiyevə maliyyə və hərbi dəstəyi dayandırsa, o zaman ukraynalıların hərbi əməliyyatların aparılmasında ciddi problemləri olacaq.

Politoloqun fikrincə, ikinci, heç də az əhəmiyyətli problem ondan ibarətdir ki, ukraynalıların münaqişədəki məqsədləri Qərbdəki münaqişənin məqsədlərinə baxışı ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edir.

İngilis yazara görə, Kiyev qarşıdurmanın bitməli olduğuna qərar verdikdə qarşıdurmanın bitəcəyi ilə bağlı fikir kökündən yanlışdır. O mənada ki, burada Qərb dövlətlərinin də öz maraqları var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə