Bəhreyndə Müsəlman Ağsaqqallar Şurasının 16-cı iclası keçirilib

Bəhreyndə Müsəlman Ağsaqqallar Şurasının 16-cı iclası keçirilib

Bəhreynin paytaxtı Manamada Müsəlman Ağsaqqallar Şurasının 16-cı iclası keçirilib. Şuranın üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə tədbirdə iştirak edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Müsəlman Ağsaqqallar Şurasının 17 üzvü, o cümlədən şeyxülislam Allahşükür Paşazadə Roma Papası Fransisk ilə görüşüblər. İclası Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə açaraq Bəhreyn Dialoq Forumunun əhəmiyyətindən bəhs edib.

Sonra Əl-Əzhər Baş İmamı Şeyx Əhməd Ət-Tayyib və Roma Papası Fransisk çıxış ediblər. Katolik Kilsəsinin rəhbəri çıxışında bildirib ki, “bu gün dünya təhlükəli uçurum kənarındadır və bu gün insanlar bəşəriyyətin bağçasında əkib-becərmək yerinə, uşaqcasına alovla, raket və bombalarla oynayırlar”. Papa Fransisk, Bəhreyn Kralı və Əl-Əzhər Baş imamı sülh və bərəkət rəmzi olaraq tədbirin keçirildiyi sarayın önündə palma ağacını suvarıblar.

Müsəlman Ağsaqqallar Şurasının 16-cı iclasında müsəlman dünyası ilə bağlı bir sıra aktual məsələlər, o cümlədən Qərbdəki müsəlman icmalarına dəstək, davam edən qlobal humanitar böhranlar, eləcə də iqlim problemləri və dini liderlərin onun mənfi təsirlərinin qarşısının alınmasında rolu, İslam məzhəbləri arasında dialoqun təşviqi, müsəlman-xristian münasibətləri və qlobal dini təşəbbüslərə dəstək mövzuları müzakirə olunub. Şuranın üzvləri, həmçinin islamofobiya ilə mübarizə, gənclər arasında ailə dəyərlərinin mühafizə olunması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə