Rusiyanın 300 milyard dolları əlindən çıxa bilər

Amma deyim ki, 300 milyard dollar elə də az vəsait deyil a...
Rusiyanın 300 milyard dolları əlindən çıxa bilər

Bu arada Avropa İttifaqı Ukraynanın bərpası üçün Rusiya Mərkəzi Bankının milyardlarla avroluq aktivlərindən istifadə imkanlarını araşdırır.

Qeyd edək ki, bu vəsaitlər artıq Avropa İttifaqına üzv dövlətlər tərəfindən dondurulub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, müzakirələr hələ ki, ilkin mərhələdədir. Belə ki, vəkillərə mümkün variantları araşdırmaq tapşırılıb. Aktivlər üzərində nəzarətin əldə edilib-edilmədiyini və necə əldə olunacağını qiymətləndirmək, son dərəcə mürəkkəb, eləcə də potensial olaraq hüquqi nəticələrlə doludur.

Məhz elə bu “potensial hüquqi nəticələri” əlində əsas tutan Qərb Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı, ABŞ və digər müttəfiqlər tərəfindən dondurulmuş Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollarlıq ehtiyatlarına çıxış əldə edə bilər.

Mənbələrə görə, Avropa İttifaqının istənilən hərəkəti Avropada yerləşən aktivlərə yönələcək.

Qeyd edək ki, ABŞ-ın bu məsələdə mövqeyi hələ ki, məlum deyil. Qeyd edək ki, hələ may ayında Xəzinədarlıq Departamentinin rəsmiləri digər xarici mərkəzi bankların ABŞ-dakı aktivlərini siyahıya salmasına mane olacaq bir presedent yaratmaqdan narahat olduqlarını bildirdilər.

Bu gün Avropa Komissiyası Rusiyanın səbəb olduğu dağıntıların əvəzini necə ödəməyi araşdırır və Avropa İttifaqı liderləri ondan beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın yenidən qurulması üçün dondurulmuş aktivlərdən istifadə variantlarını təqdim etməyi xahiş ediblər.

Bu fikirləri Avropa Komissiyasının sözçüsü Kristian Viqand bildirib.

Deyilənlərə görə, hüquq ekspertləri hazırda ehtiyatla vəziyyəti təhlil etməyə və nə etmək mümkün olduğunu görməyə çalışırlar. İstənilən təkliflər hüquqi cəhətdən əsaslandırılmalı və Avropa İttifaqına üzv dövlətlər tərəfindən dəstəklənməlidir.

...Amma deyim ki, 300 milyard dollar elə də az vəsait deyil a...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə